"Rusiya ilə ikitərəfli əlaqələr yüksək səviyyədə qorunub saxlanır" - POLİTOLOQ AÇIQLADI

"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda yaranan geosiyasi vəziyyətin bir illiyi tamam olur. Bu bir il ərzində Azərbaycan konkret olaraq regionda bütün prosesləri öz xeyrinə dəyişə bilir". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, məhz dövlət başçısı İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibədə həm Rusiya ilə ikitərəfli əlaqələrə, həmçinin, Qarabağda gedən proseslər, rus sülhməramlıların fəaliyyəti bağlı bir çox məsələlərə toxunması onu göstərir ki, Rusiya ilə problemsiz əlaqələrin davam etməsində maraqlıdır. Məhəmməd Əsədullazadə bu haqda fikrini belə izah edib: "Həmçinin, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, regionda dəyişən geosiyasi nizamın formalaşması şəraitində digər ölkələrin də Azərbaycanın bu qələbəsini tanımasının vacibliyini qeyd etdi. Həmçinin Rusiya ilə hərbi-texniki əməkdaşlığın və digər sahələrdə əlaqələrin olduğunu vurğuladı. Göründüyü kimi bir il ərzində Rusiya ilə fikir ayrılığına baxmayaraq ikitərəfli əlaqələr yüksək səviyyədə qorunub saxlanır. Məhz dövlət başçısının verdiyi müsahibədə bu tezislər əsas götürülməlidir. Xüsusilə, Rusiyanın müharibə zamanı neytrallığını müəyyən qədər qoruyub saxlaması, sülhməramlı fəaliyyəti, əlbəttə ki, 10 və 11 noyabr razılaşmalarına moderatorluq etməsi Rusiyanın önəmini bir daha göstərir. Ümumi olaraq bu müsahibədə dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda önəmli dövlətə çevrildiyini, vəziyyəti diqtə edən ölkəyə çevrildiyini göstərdi".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə