“ATƏT-in Minsk Qrupunun zərərdən başqa heç bir xeyirləri yoxdur” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaranması ancaq münaqişənin həllinə yox status-kvonun saxlanılması ilə bağlı idi. Yəni onlar ermənilərin xeyrinə çalışırdılar. Vaxt, zaman da onu göstərdi ki, ATƏT bu münaqişənin həllini uzatmaqla məşğul olur. Azərbaycan dövləti isə artıq ATƏT-in Minsk Qrupuna ümidini bağlamadı və özü öz gücü ilə torpaqlarını işğaldan azad etdi”. Bunu SİA-ya açıqlamasında politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev rəsmi qaydada bildirdi ki, artıq münaqişə yoxdur: “Dağlıq Qarabağ yoxdur, status məsələsi yoxdur və ATƏT-in Minsk Qrupuna da heç bir ehtiyac yoxdur. Bir sözlə, Azərbaycan dövləti bu mövqenin də üzərində dayanmalıdırlar. Demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa ciddi cəhdlərlə çalışırlar ki, bu qurumun fəaliyyətini bərpa etsinlər. Burada Ermənistanın yeganə ümid yeri qalıb ki, danışıqlar başlasın və mənasız vaxt uzansın və Minsk Qrupunun vasitəsi ilə bunlarda nəyəsə nail olmağa çalışsınlar. Çünki həmişə ATƏT-in Minsk Qrupu onlara işləyib. Ermənilər maraqlıdırlar ki, danışıqlar o səviyyədə bərpa olunsun, amma yenə deyirəm danışıqların predmeti yoxdur. Ümumiyyətlə, bərpa etməyə ehtiyac yoxdur. Çünki ATƏT-in Minsk Qrupunun zərərdən başqa heç bir xeyirləri yoxdur. Təəssüflər olsun ki, BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü planlaşdırılır. Bu görüşdən heç nə gözləmirəm. Düşünürəm ki, Azərbaycan tərəfi orda qəti şəkildə mövqeyini ortaya qoymalıdır, yəni həm Ermənistanın qarşısında, həm də həmsədrlərin qarşısında ki, bu ərazilər bizim ərazimizdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...