Rus strateq: Ermənistanın Zəngəzur dəhlizinin açılmasından başqa perspektivi yoxdur – ŞƏRH

Dmitri Solonnikov: “İndi regionda yeni qüvvələr superpozisiyası formalaşır və Azərbaycan bir növ konsolidasiya mərkəzinə çevrilə bilər”

Azərbaycanın 44 günlük Qarabağ müharibəsində qalib gəlməsindən sonra Bakının bölgədəki mövqeyi nəzərəçarpacaq dərəcədə gücləndi və aktivləşdi. İndi Azərbaycan regionda nəqliyyat kommunikasiyalarını açmağın və sülh şəraitində yaşamağın tərəfindədir, Ermənistan isə bundan qaçmağa çalışır. Rusiyalı siyasi strateq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Caliber” analitik mərkəzinə şərhində bu mövzuda maraqlı fikirlər səsləndirib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik:

“Azərbaycanın Cənubi Qafqaz problemlərinin həllində iştirak etmək üçün daha çox imkanlara malikdir və bu bölgədəki siyasi vəziyyətdə əks olunur. Bu yaxınlarda İranda seçkilər keçirildi və yeni hökumət indi xarici siyasətini formalaşdırır. Tehranın yeni imkanlara çatması lazımdır və ticarət-iqtisadi əlaqələr bunun üçün son dərəcə vacibdir. Və Azərbaycan İranı Şimali Avropa ilə, Baltik dənizi ilə birləşdirən Şimal-Cənub dəhlizinin formalaşmasında iştirak edir. Bunlar uzun illərdir danışılan, həyata keçirilməsi yaxın olan vacib perspektivlərdir”.

Strateqin fikrincə, eyni zamanda, Türkiyənin təsiri də nəzərə alınmalıdır. Bir tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin regional lider, böyük bir güc olaraq formalaşması ilə bağlı aktiv mövqeyi. Digər tərəfdən, ölkədə müəyyən iqtisadi problemlər və 2023-cü ilə planlaşdırılan qarşıdan gələn seçkilərlə bağlı qeyri-müəyyənliklər var, lakin onların 2022-ci ilə təxirə salınacağı barədə artıq söhbət gedir. Yəni, müəyyən bir qeyri-sabitlik var və Azərbaycan bu kontekstdə bölgənin etibarlılığını gücləndirən bir amildir.

44 günlük müharibə bitdikdən sonra bölgə ölkələri hərəkət etməyə başladı. İndi regionda yeni qüvvələr superpozisiyası formalaşır və Azərbaycan bir növ konsolidasiya mərkəzinə çevrilə bilər. Bölgədəki digər ölkələrdən fərqli olaraq, Azərbaycanda hər şey həm bu günü, həm də gələcəyi ilə aydındır. Bölgədəki sabitlik vacibdir”.

Rusiya-Türkiyə münasibətlərindən danışan D.Solonnikov bir vacib məqamı vurğulayıb: “Həm Rusiya, həm də Türkiyə, xarici siyasi qüvvələrin təzyiqi olmadan, təkbaşına beynəlxalq rol oynamağa çalışırlar. Hər şeydən əvvəl ABŞ-dan asılı olmadan. Bu, qərb mərkəzlərinin müəyyən mənfi reaksiyasına səbəb olur. Ancaq bu faktor Rusiya ilə Türkiyəni daha da yaxınlaşdırır. Hər iki ölkə, yeni dünyada hər kəsin nə edəcəyinə və necə inkişaf edəcəyinə qərar verən tək bir hegemon olmadığı mövqeyinə sadiqdir. Bu baxımdan, Rusiya ilə Türkiyənin çoxqütblü bir dünya olaraq gələcək haqqında ortaq düşüncələri var və yaxın gələcəkdə sivilizasiya mərkəzinin onlara keçməsi lazımdır. Bu, əməkdaşlığın başlanğıcından bəri müzakirə edilmişdir və bu, bir sıra birgə hərəkətlərdə öz təsdiqini tapmışdır. Bu səbəbdən Moskva ilə Ankara arasında əməkdaşlıq davam edəcək və dünyanın çoxqütblülüyə doğru hərəkətini heç kim dayandırma bilməyəcək.

Əfqanıstandakı vəziyyət göstərir ki, dünyanın bir nöqtədən nəzarəti dayandırılıb. Yeni dünyada güc mərkəzləri bir mərkəzlə deyil, bir-biri ilə müzakirə aparırlar. Və bu baxımdan Rusiya ilə Türkiyə arasındakı müqavilələr həm Cənubi Qafqaz, həm də Qərbi və Orta Asiya üçün çox əhəmiyyətlidir. Buna görə də düşünürəm ki, təmaslar daha da güclənəcək”.

Ekspert Zəngəzur dəhlizinin mövzusuna toxunub. O hesab edir ki, dəhlizin açılması ilk növbədə Ermənistanın xeyrinədir: “Ermənistan rəhbərliyi vətəndaşlarına ən azından müsbət dinamika göstərməlidir. Yəni, müharibəni uduzdular, müvafiq bir bəyanata imza atdılar, sonra nə olmalıdır?! Bunun ardınca Ermənistan əhalisinin iqtisadi və sosial həyatında bir dəyişiklik olarsa, sərhədlər açılarsa, Rusiya və digər ölkələrlə ticarət əlaqələri yaxşılaşarsa, bu nəinki vətəndaşların vəziyyətini yaxşılaşdıracaq, həm də hər kəs anlayacaq ki, yeni həyat sıfırdan başladı. Ancaq bunun üçün logistika yollarının açılması, infrastrukturun inşası və yeni investisiyalar lazımdır. Mənə elə gəlir ki, Ermənistan rəhbərliyi yaxşı bilir ki, bu dəyişikliklər olmasa, ölkə uzun müddət dayana bilməyəcək. Ona görə də düşünürəm ki, fərqli ritorika ilə sülh müqaviləsinə doğru hərəkət davam edəcək və təbii ki, Zangəzur dəhlizi açılacaq. Buna heç bir şübhə yoxdur. Ermənistanın başqa bir perspektivi yoxdur".

Eyni zamanda, D.Solonnikov Ermənistandakı revanşist duyğuları qiymətləndirib: "Onlar olmaya bilməzdilər, bu obyektiv bir reallıqdır. Ölkə müharibədə məğlub oldu, Ermənistan xalqı özünü alçaldılmış hiss edir. Bunun fonunda torpağın geri qaytarılmasını tələb edən qaynar başlar görünür. Bu, obyektiv reallıqdır. Erməni cəmiyyətinin şüurunun yenidən qurulması bir neçə il çəkəcək. Ancaq yenə də şüurun yenidən qurulması üçün irəliyə getmək lazımdır, qonşularla münasibətləri yaxşılaşdırmaq, ticarət əlaqələrini yaxşılaşdırmaq lazımdır. Və bu baxımdan Paşinyan başa düşür ki, heç bir irəliləyiş olmasa, o zaman revanşist hisslər daha da güclənəcək.

Normal siyasətçilər başa düşürlər ki, qisas almaq şansı yoxdur və olmayacaq. Təəssüf ki, Ermənistanda elə bir siyasətçilər var ki, mənfəət naminə məsuliyyətsiz şəkildə hər hansı bir şüar yelləyə bilərlər və indi ölkədəki vəziyyətdən istifadə edirlər. Amma Paşinyanın Azərbaycanla sülh müqaviləsi, açıq əlaqələr, o cümlədən Rusiya ilə əməkdaşlığı lazımdır. Ona görə də, Ermənistandakı revanşistlər indi həm onun, həm də Cənubi Qafqazda sülhün bərqərar olması prosesinin əleyhdarlarıdır. Əslində, revanşistlər Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın özünə qarşıdırlar. Onların hakimiyyətə gəlişi ümumiyyətlə heç kimə lazım deyil və yaxın gələcəkdə bu heç bir şəkildə baş verə bilməz".

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...