“15 sentyabr Bakının paytaxt olduğu gündür” TARİXÇİ FAKTLARI SADALADI

1918-ci il sentyabrın 15-də Bakı şəhərinin Azərbaycan Cümhuriyyəti altına keçməsi Azərbaycan xalqının müqəddəratı baxımından, Azərbaycan dövlətçiliyi baxımından, Azərbaycanın ərazi bütövlüyü baxımından, Azərbaycanın geostrateji maraqları baxımından olduqca böyük əhəmiyyətə malik bir hadisə idi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova söyləyib.

Onun sözlərinə görə, Bakı şəhəri yalnız Qafqazın iri sənaye şəhəri deyildi, yaxud da neft baxımından dünyanın aparıcı mərkəzlərindən biri deyildi, Bakı eyni zamanda da Qafqaz Müsəlmanlarının milli fikir mərkəzinə çevrilmişdi və bu baxımdan Bakı uğrunda məsələ artıq bir beynəlxalq məzmun almışdı.

"Birinci dünya müharibəsində əks cəbhədə olan dövlətlər faktiki olaraq Bakı uğrunda mübarizədə yalnız diplomatik yolla deyil, eyni zamanda hərbi qüvvələri ilə iştirak edirdilər. Rusiyanın Birinci Dünya Müharibəsində müttəfiqi olmuş İngiltərə artıq bolşeviklər hakimiyyətə gəldikdən sonra Fransa ilə məxfi bir müqavilə imzalayıb bu əraziləri öz nəzarəti altına götürdü və bölgəyə hərbi ekspedisiya çıxardı. Digər tərəfdən, əks düşərgədə olan Almaniya Osmanlı dövləti ilə müttəfiq idi və Almaniya Gürcüstanı ən azından himayə etməklə, regionda öz varlığını təsbit etmiş oldu və o da hərbi qüvvələri ilə regionda idi, aktiv diplomatik mübarizədə idi. Sovet Rusiyası bu ərazilərə özünün bir hissəsi kimi baxırdı və Bakıda, Bakı Quberniyasında fəaliyyət göstərən Xalq Komissarları Soveti faktiki olaraq Sovet Rusiyası hakimiyyətinin icraçı bir qurumu idi.

Digər tərəfdən isə Bakı Xalq Komissarları soveti öz səlahiyyətlərindən əl çəkdikdə Eser Menşevik və Daşnakların təmsil olduğu Sentrokaspi diktaturası deyilən bir hakimiyyət qurulmuşdu və bu qurumda vahid, bölünməz Rusiya tərəfdarı olan qüvvələr və özlərinin “Böyük Ermənistan” xülyəvi planlarını gerçəkləşdirmək istəyən Daşnaqsütyun partiyasının Erməni Milli Şurasının nümayəndələri təmsil olunurdular. Göründüyü kimi, maraqları, planları fərqli olsa da Bakı uğrunda savaşda bu qüvvələr bir cəbhədə birləşmişdilər, yeganə olaraq Azərbaycan Cümhuriyyətinin rəsmi olaraq müraciət edə biləcəyi bir dövlət Osmanlı dövləti idi. Hətta Cümhuriyyət elan olunmamışdan öncə Azərbaycandan ictimai məzmunda heyətlər Osmanlı siyasi elitasının, hərbi elitasının yanına öz nümayəndə heyətlərini göndərirdilər ki, nicata gəlib Qafqaz müsəlmanlarını fiziki məhv olmaqdan Osmanlı qüvvələri xilas etsinlər. Belə bir situasiyada təbii ki, Osmanlı hərbçilərinin və yenicə formalaşmaqda olan Azərbaycan Ordusunun, Azərbaycan könüllülərinin, hərbi hissələrinin iştirakı ilə Bakı uğrunda böyük bir savaş başlandı. Düzdür, bu mübarizə diplomatik cəbhədə gedirdi və bu diplomatik mübarizəni də əsasən həmin dövrdə İstanbulda olan Məhəmmədəmin Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti, xüsusən də şəxsən özü aparırdı. Onun Osmanlı baş naziri, hərbi naziri və digər rəsmi nümayəndələri ilə İstanbulda olan xarici ölkələrin təmsilçiləri ilə, həmçinin Rusiya imperiyasından olub İstanbulda siyasi sığınacaq funksiyasını yerinə yetirən keçmiş hökumətin üzvləri ilə görüşlərində, eyni zamanda Osmanlı dövlətinin birinci dünya müharibəsində müttəfiqi olmuş dövlətlərin səfirlikləri ilə danışıqlarda yəqin olunmuşdu ki, diplomatik yolla Bakının azad olunması mümkün deyil və bu barədə Rəsulzadə Fətəli Xan Xoyskiyə, xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə teleqramlarında dönə-dönə vurğulamışdı ki, Bakını azad edib düşməni fakt qarşısında qoymaq lazımdır, Bakısız Azərbaycan başsız bədəndir və Bakının qurtuluşu Azərbaycan naminə, Azərbaycan adına olmalıdır. Təbii ki, Sovet Rusyası türklərin, yəni Osmanlı qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Almaniya ilə danışıqlar aparmış və hətta məxfi bir “Bress Litursk” müqaviləsinə əlavə bir protokol da imzalamışdılar ki, Bakı neftinin dörddə birini almanlara verilməsi müqabilində Almaniya da öz üzərinə Osmanlı qüvvələrinin irəliləməsinin qarşısını almasını vəd etmişdi. Yəni, belə bir mürəkkəb bir situasiya idi və qüvvələr nisbəti də təbii ki, heç də düşmən tərəfdə azlıq təşkil eləmirdi. Çünki, istər Bakı Xalq Komissarları Soveti uğrunda Sovet Rusyası tərəfi ndən mütəmadi olaraq silah, hərbi sursatla yardım alırdı Bakıdakı bolşevik hakimiyyəti, digər tərəfdən isə hətta Çar rusiyasının hərbi hissələrinin İranda olan komandirlərindən Biçaraxovun başçılığı ilə olan qüvvələri də Bakı Kommunası tərəfindən vuruşurdu. Yəni, bütün bunlar, Fətəli Xan Xoyskinin sözləri ilə desək, 50 mindən artıq bir qüvvə üzərində Azərbaycan və Osmanlı hərbi qüvvələrinin birgə zəfəri idi və bu zəfəri Fətəli Xan Xoyski belə qiymətləndirirdi ki, “Bu, başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyənlərə bir dərs olmalıdır.”

15 sentyabr Bakının paytaxt olduğu gündür və tam haqqı var ki, bu gün paytaxt günü kimi bir rəsmi status alsın. O baxımdan hər il bu günün ildönümü qeyd olunarkən onun əhəmiyyətini xüsusi qeyd etmək lazımdır", deyə Firdövsiyyə Əhmədova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə