Avropanın “Zəngəzur dəhlizi” qorxusu - TƏHLİL

30 il ümidlə yaşadıq, donuzun darıdan çıxacağı günü gözlədik. Amma nə donuz çıxdı, nə də sahibi gəlib apardı. Beləcə, bağımızı, bostanımızı, varımızı-yoxumuzu bu ikiayaqlılar dördayaqlıya dönüb yeyib taladılar. Üz tutmadığımız “ağsaqqal”, döymədiyimiz qapı qalmadı. Erməni donuzları da, onların tasmasını tutanlar da cəngəllik qanunlarına istinad edib haqqımızı çeynədilər, təkliflərimizi geri çevirdilər, qulaqlarını kar, dillərini lal etdilər.

Əslində 2000-ci ildən sonra ermənilərin Qarabağdan öz xoşu ilə çıxacağı ümidimizi birdəfəlik itirdik. Ara-sıra sülh variantını rəsmi İrəvanın yadına salsaq da, “B” planını heç vaxt unutmadıq. Yüzlərlə görüş, toplantı keçirildi. Lissabonda, Madriddə, Kazanda, Soçidə, Ki-Uestdə, Moskvada, Sankt-Peterburqda, Vaşinqtonda, Praqada bir araya gəldik, Ata Buşdan oğul Buşa, Boris Yelçindən Jak Şiraka, Tetçerdən Bənəzir Buhuttoya, Rəfzəncanidən Putinə qədər dünya liderləri araçılıq etdilər, amma erməni rəsmiləri “Qarabağı qanla almışıq” deyib bütün təklifləri, beynəlxalq qanunları qulaqardına vurdular. Düşünürdük ki, dünyanın aparıcı ölkələri Ermənistanın bu şıltaqlığına, işğal faktına daha həssas yanaşacaq, özlərinin BMT-də imzaladığı sənədə dönük çıxmayacaq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək, pozulmuş hüquqlarımızı bərpa edəcəklər. Əksinə, dünya gücləri, Qarabağ münaqişəsinin həllində bilavasitə iştirak edən Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa əksər hallarda Ermənistanın işğalçılığına məxsusi don geyindirib vaxtı uzatmağa, Azərbaycanın diplomatik gedişləri, ortaya qoyduğu faktlar qarşısında aciz duruma düşdükləri vaxt isə “problemi aranızda həll edin” deyib üzlərinə “müdriklik” maskası taxdılar, daha doğrusu yaxalarını kənara çəkdilər və şərt də qoydular ki, “güc yolu istisnadır”. Bəs onda necə etməli? Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxmırsa, rəsmi İrəvan da heç bir təklifi qəbul etmirsə problemi necə həll etmək olar? Hətta işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini də qulaqardına vurursa, hər kəsə meydan oxuyursa, qalır bircə yol...

Öncə iqtisadi qüdrətimizi artırdıq, paralel olaraq yeni – XXI əsrin ordusunu yaratmağa başladıq. Dəmir atları dəmir quşlar əvəz etdi, ən əsası ürəyi Vətənlə, torpaqla, yurd həsrəti ilə döyünən vətənpərvər oğullar, qızlar yetişdirdik. Dostlar qazandıq, köhnə dostların güvənini bir az da artırdıq. İqtisadi resurslarımızı insan kapitalına çevirə bildik. Son 18 ildə azərbaycanlı oğul və qızların səsi dünyanın dörd bir yanından – elm ocaqlarından, tanınmış universitetlərdən, hərbi məktəblərdən, təcrübə meydanlarından gəldi. Dünya yatarkən biz səhəri dirigözlü açdıq, öyrəndik, öyrətdik, bütün variantlar üzərində işlədik. İstədik ki, ayağa durduğumuzda 30 illik Vətən həsrətinə birdəfəlik son qoyaq, utancı üstümüzdən silib ataq, düşmənin dərsini layiqincə verək, ona bu dünyanı dar edək ki, bir daha bizə tərəf boylanmasın. Və o gün yetişdi...

Dünya gücləri də, region ölkələri də, biz də bu reallıqdan usandıq, hətta ermənilər arasında da qeyri-müəyyənliyi qəbul etməyənlərin sayı günü-gündən artmağa başladı. Və bu, siyasi gücə çevrilə bildi. Əlbəttə, açıq-aşkar yox. Əvvəlcə gizlin, sonra...

Paşinyanın küçədən başladığı yürüş Sarkisyanın hakimiyyət kreslosunun yanında bitdi. Nikol əvvəlcə Ermənistanı əsarətdə saxlayan “Qarabağ klanı”nın sonunun gətirəcəyinə söz verdi və bu əməliyyata başladı. İnsafən, bunu hamıdan yaxşı bacardı, hətta bir az qabağa qaçıb söyləyə bilərik ki, kapitulyasiya aktına imza atmasına baxmayaraq seçkilərdə Koçaryan-Sarkisyan duetinə böyük üstünlüklə qalib də gəldi. Bununla Paşinyan da, ona səs verən ermənilərin əksəriyyəti də “Qarabağ yükü”ndən azad olmağı hədəflədiklərini bir daha sübut etdilər. Hər halda nəticə də bunu deyir.

Paşinyanın bu addımı, istəyi ermənilərə dönük çıxmaq kimi yozulmamalıdır, erməni ermənidir. Sadəcə olaraq Nikol əvvəlki prezidentlərdən, xüsusən də “Qarabağ klanı”nın rəhbərlərindən daha real düşünə, hadisələrin sonucunu analiz edə bildi. Xalq arasında “Qarabağ bizim haqqımızdır, biz onu Azərbaycana vermərik” desələr də, danışıqlar masasında fərqli səs çıxarırdılar. Bunu biz yox, faktlar deyir.

Yerkir.am saytında jurnalist Nairi Oxikyanın Paşinyanla hələ o baş nazir olmamışdan əvvəl, 2006-cı ildə “Haykakan Jamanak” ("Ermənistan Xəbərləri") qəzetinin redaktoru olarkən aralarında baş vermiş qalmaqallı hadisədən bəhs edən yazı dərc edilib. Həmin yazıda azərbaycanlı və erməni jurnalistləri arasında baş tutan görüşdə Paşinyanla Oxikyan arasında dava xatırlanır. Yazının məğzi qısaca belədir ki, Paşinyanın əvvəlki dövlət rəhbərlərindən fərqli düşüncəsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin fərqli formada yenidən qurulması cəhdi ermənilərin əksəriyyətində şok effekti yaradıb, cəmiyyəti ikiyə bölüb. Məsələ burasındadır ki, Paşinyan görüşdə “biz Azərbaycan və Türkiyə ilə münasibətlərdə dostluq yolunu seçməliyik və yanaşmamıza korrektələr etməliyik” deyib.

Oxikyan yazır ki, Nikol Paşinyan baş nazir olarkən də bu intriqa davam edib: “O məni “beyinsiz vətənpərvər”, mən isə onu “əsli-kökü olmayan zibil” adlandırmışam. Nəyə görə? Biz Qarabağ münaqişəsindən danışarkən Paşinyan konkret olaraq bildirdi ki, bu əraziləri Azərbaycana qaytarmaqla Azərbaycan üzərindən Orta Asiyaya, Rusiyaya, Naxçıvandan İrana, Türkiyədən isə Avropaya çıxış əldə etmiş olarıq. Daqlıq Qarabağ ermənilər üçün başağrısından başqa bir şey deyil və onu kəsib atmaq lazımdır”.

Bu günün reallığı budur ki, Azərbaycan 30 illik həsrətə 44 günlük müharibə ilə son qoydu. Üç ölkə - qalib Azərbaycan, məğlub Ermənistan və tərəflər arasında sülhyaratma missiyasını üzərinə götürmüş Rusiya liderləri arasında imzalanan bəyannaməyə əsasən Laçın dəhlizi ilə Qarabağda yaşayan ermənilərlə əlaqə yaradılır, iki xalq arasında etmad mühiti yaradılır, o cümlədən Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya olunur, kommunikasiya xəttləri açılır. Azərbaycan bütün şərtlərə əməl edir, Ermənistan isə mümkün qədər proseslərə mane olmağa çalışır. Azərbaycan Naxçıvan və Zəngilan istiqamətlərində kommunikasiya xəttlərini yeniləsə də, nəqliyyat dəhlizini yenidən qursa da Ermənistan nədənsə iş görməyə tələsmir. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, nəqliyyat dəhlizinin açılması daha çox Ermənistana lazımdır. Amma biz nəyi görürük, rəsmi İrəvan təşəbbüslərə adekvat reaksiya vermək əvəzinə köhnə-yeni ağalarını yenidən dövrəyə qoşur.

Bu yaxınlarda Fransa prezidentinin Zəngəzur açıqlaması, Ermənistana göndərilən para yardımları, Avropa İttifaqı tərəfindən bu ölkəyə ayrılmış 2,6 milyard avroluq qrant layihəsi iki qonşu ölkə arasına səpilən nifaq toxumudur, desək yanılmarıq. Guya Ermənistan müharibədən ziyan çəkib. Amma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində məsələyə çox orjinal yanaşıb və bəzi suallara aydınlıq gətirib: “Əlbəttə, bu mövqe ədalətsizdir. Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər, niyə məhz indi verirlər? Əgər belədirsə, onda müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir”.

Əlbəttə, haqlı sualdır, müharibədən ziyan çəkən biz, əraziləri dağıdılan biz, əhalisi didərgin salınan biz, ermənilərin dağıtdıqlarını bərpa edən yenə biz, amma qrantlar, güzəştli kreditlər Ermənistana verilir. Avropa heçmi bu barədə düşünmədi, heçmi özünə, keçmişinə dəyər vermədi? Azərbaycan həm də Ermənistanı düşünərək, qonşu xalqlarla dostluq mühitini təzələmək, münasibətlərə yeni ab-hava gətirmək, yeni düzən qurmaq iddiası ilə konkret addımlar atır. Bəs, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı blokadada saxlayan Ermənistanla bütün kommunikasiya xətlərini açmağı hədəfləyən rəsmi Bakıya qarşı yeni oyunlar quran, “Zəngəzur dəhlizi”nə qarşı planlar cızan Avropanın məqsədi nədir? Yuxarıda dediyimiz kimi, Qarabağ məsələsi artıq hər kəsi yorub, gələcəyini düşünən hər bir erməni Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni də, açılacaq “Zəngəzur dəhlizi”ni də, bundan sonra görüləcək işləri də təqdir etdiyi bir dönəmdə Avropanın başlatdığı oyunpozanlıq heç başadüşülən deyil. Qoca Avropanın regionda istədiyi nədir, sülhmü, müharibəmi?

Bizim Avropadan almaq istədiyimiz cavabın sualını Azərbaycan Prezidenti diplomatik dillə verib: “Əlbəttə, biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə ən azı o qədər də bizə verilməlidir. Əgər verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam”.

Bu gün regionda oynamış daşlar tzədən yerinə oturdulur, yeni yanaşmalar, yeni münasibətlər formalaşır. Qarabağa yeni ruh gəlib, hər yerdə quruculuq işləri aparılır, erməni vandalizminin izləri silinir, yeni hava limanları, müasir kənd və qəsəbələr salınır, sənaye və kənd təsərrüfatı obyektləri inşa edilir, yollar çəkilir. Bir sözlə 30 il bundan əvvəl Qarabağda söndürülmüş həyata yenidən can verilir. Amma erməni revanşistlərinə dəstək olan Fransa, Kanada və digər Avropa ölkələri, beynəlxalq qurumlar bundan çox narahat görünürlər. Başa düşmək olmur, onlar “Zəngəzur dəhlizi”ndən niyə bu qədər qorxurlar ki...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...