ABŞ Konqresində erməni daşnakları haqqında sensasion sənəd! FAKT

Onlar Hitlerin siyasətini dəstəkləyiblər

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun apardığı araşdırmasından sonra ABŞ konqresinin arxivlərində erməni daşnaklarının Hitlerin Holokost siyasətini dəstəkləmələri ilə bağlı sənəd üzə çıxıb. SİA-ya daxil olan məlumata görə, 4 may 1995-ci ildə ABŞ-ın Nümayəndələr palatasının Mişiqandan olan üzvü Frank Huk Konqresin iclasında erməni daşnaklarının Hitlerin Holokost siyasətini dəstəkləmələri, ABŞ ərazisində irqçilik qarşıdurmaları, eləcə də terror aktları törətmələri barədə faktları təqdim edib. Məqalə şəklində təqdim olunan sənəd ABŞ Konqresinin qeydiyyat kitabına daxil olunub və ölkə hökuməti tərəfindən dərc edilib.

ABŞ-da dərc edilən “Hairenik” daşnak qəzeti 17 sentyabr 1936-cı ildəki məqalədə faşizmi “bəşəriyyətə töhfə” adlandırıb

Məqalədə bildirilir ki, erməni daşnakları nasizmə simpatizə edirlər, eyni zamanda, Bostonda (ABŞ) ermənilər tərəfindən nəşr olunan “Hairenik” qəzetinin 17 sentyabr 1936-cı il nömrəsi də sübut olaraq göstərilir. Qəzetdə bildirilir ki, daşnaklar məqalədə hitlerizmi və faşizmi “bəşəriyyətə töhfə” adlandırmaqla yanaşı, faşizmi “Almaniya və İtaliyanın yeni həyata imkan verən uğurlu sistemləri” kimi təqdim ediblər. Məqaləni təqdim edən amerikalı konqresmen bildirib ki, daşnaklar aşırı antiosemitdirlər və bu mövzuda kifayət qədər materiallar dərc ediblər.

“Hairenik” qəzetinin 1936-cı ilin avqust sayında isə daşnaklar Holokostu belə dəstəkləyiblər: “Hərdən xroniki xəstəlik kimi dərin köklər salarkən, belə zəhərli elementləri aradan qaldırmaq çətin olur. Belə elementləri məhv etmək cəhdi inqilabi uğurdur”.

Njde Hitlerin irqçi ideyalarına əsaslanıb və bu ideyanı fəaliyyətinin mühüm hissəsi olaraq seçib

Sözügedən sənəddə nasistlərə xidmət edən erməni daşnakı Qaregin Njdenin barəsində informasiya verilir. Onun xüsusilə erməni gəncləri arasında Tsexarkonizm (erməni ultramillətçiliyinin) ideologiyasının əsaslarını qoyduğu bildirilir. Həmçinin qeyd olunur ki, Njde Hitlerin irqçi ideyalarına əsaslanıb və bu ideyanı fəaliyyətinin mühüm hissəsi olaraq seçib. Beləliklə, bu sənədlər həm də onu sübut edir ki, hazırda da Azərbaycan əleyhinə fəaliyyət göstərən Amerikanın erməni lobbisi – Amerika Erməni Milli Komitəsi bilavasitə daşnak təşkilatıdır.

Bəhs etdiyimiz sənədin əslini isə aşağıdakı linkdən oxuya bilərsiniz:

drive.google.com/file/d/15pLVHUHWplhgitOCu9l7p0lkMDL56epx/view

Bütün xəbərlər Facebook səhifəmizdə