Şuşa Bəyannaməsi kimləri və niyə narahat edir? - DEPUTATDAN MARAQLI AÇIQLAMA

"Qars müqaviləsindən sonra iki qardaş ölkə arasında imzalanan “Müttəfiqlik Münasibətlərinə dair Şuşa Bəyannaməsi” həm siyasi, həm də tarixi baxımdan olduqca böyük məna kəsb edir. Eyni zamanda, məlum Bəyannamə hər iki ölkənin maraqlarının qorunması və imkanlarının birləşdirilməsi istiqamətində atılan çox ciddi bir addım kimi səciyyələndirilməlidir". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi haqda danışarkən qeyd edib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin söylədiyi, “Bir millət, iki dövlət” şüarı, Böyük Atatürkün dilindən səslənən “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlməsi bir daha öz təsdiqini tapdı və bu böyük hadisə, tarixi məqam iki qardaş dövlətin münasibətlərinin gələcək inkişafında da çox mühüm rol oynayacaq: “Şuşa Bəyannaməsi həm də müştərək maraq kəsb edən regional və beynəlxalq fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi baxımından da çox əhəmiyyətlidir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə tarixinin qızıl səhifəsidir. Şuşa Bəyannaməsi böyük qələbələrin davamıdır. Şuşa Bəyannaməsi strateji bir yoldur, bölgədə sabitliyin təminatına yönəlik bir addımdır, Azərbaycan-Türkiyə qardaşlığının növbəti rəmzidir”.

E.Musayev bildirdi ki, ikinci Qarabağ müharibəsində qardaş Türkiyə bizi tək qoymadı: “Həm siyasi, həm də mənəvi baxımdan Azərbaycana maksimum dəstək verdi. Həmin anlarda Türk qardaşlarımızın qəlbi bizimlə eyni döyündü, onlar bizimlə eyni sevindi, Qarabağın işğaldan azad olunmasını eyni həyəcan və xoşbəxtliklə qarşıladı. Biz bu gün də bərabərik. Çox şükür və nə xoş ki, bərabərik.

Bugünkü tarixi hadisə dostların sevindiyi, düşmənlərin isə məhv olduğu gündür. Azərbaycan-Türkiyə müttəfiqliyi, dostluğu, qardaşlığı həqiqətən möhtəşəmdir. İki dövlət rəhbərinin, iki nəhəng dövlət xadiminin Şuşadan verdikləri bəyanatlar, mesajlar, söylədikləri fikirlər hazırda bütün dünyanın diqqət mərkəzindədir. Həmin bəyanatların, fikirlərin əsas məğzi və qayəsi isə budur: Azərbaycan-Türkiyə qardaşlığı daimi olacaq. Bizim bərabərliyimiz əbədidir. “Bir millət, iki dövlət” şüarı tarix və dünya var olduqca öz aktuallığını qoruyub saxlayacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...