"Ermənilər Azərbaycandan da elə adekvat cavab alacaqdır" - DEPUTAT AÇIQLADI

“Ermənistanda bir neçə gündən sonra keçiriləcək növbədənkənar parlament seçkiləri özünün qəribəlikləri ilə dünya ictimaiyyətinin diqqətini cəlb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu günlərdə baş nazirliyə namizədlərdən biri indiki baş nazir əvəzi Nikol Paşinyan mitinqdə çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovu gah xarici işlər naziri, gah da prezident adlandırdı: "Dünya bu tip insanların Ermənistana rəhbərlik etmək iddiasında olduğunu görür. Söhbət təkcə Paşinyandan getmir. Digər iddiaçıların da çıxışlarında bu və ya digər məsələyə münasibətlərində təəccüb doğuran fikirlər kifayət qədərdir".

Deputat həmçinin qeyd edib ki, Xocalı qatili, Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən, minlərlə azərbaycanlının qanına əli bulaşmış keçmiş prezident Robert Köçəryan da hakimiyyətə gəlməkdə iddialıdır: "Belə bir təəssürat yaranır ki, Ermənistan cəmiyyəti hələ də 44 günlük müharibədən özü üçün nəticə çıxarda bilməyib. Ermənistan öz problemlərini seçdiyi rəhbərlər əsasında həll edəcəkdir. Azərbaycan üçün əsas olan özünün ərazi bütövlüyü və sərhədlərin demarkasiyasıdır. Ermənistanın gələcək hakimiyyəti, gələcək rəhbərləri Azərbaycana qarşı hansı mövqeyi sərgiləyəcəklərsə, Azərbaycandan elə də adekvat cavab alacaqdır".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə