Siyasi mübarizə ləyaqətlə aparılmalıdır ŞƏRH

“Millətin qəhrəmanı millətin xaini ola bilməz!”

Əbülfəz Elçibəyin məşhur qiyamçı barədə telefonla söylədiyi bu cümləni S.Hüseynov tərəfdarlarının 11 fevral 1993-cü il mitinqində özünəməxsus əda ilə Arif Hacıyev səsləndirdi. AXC-Müsavat iqtidarının Dövlət müşaviri Arif Hacıyev. Səmimi deyildi, Sürətin qorxusundan riyakarlıq edir, yalan danışırdı. Cəmi bir həftə əvvəl S.Hüseynovun xain olduğuna Ə.Elçibəyi inandırmaq üçün ondan xəbərsiz Qarabağın və sərhəd rayonlarının icra başçılarını Bakıya yığıb, prezidenti fakt qarşısında qoyan Arif Hacıyev. İntriqa qoxulu bu əcaib hərəkətdən narazı qalan, haqlı olaraq özünə təzyiq kimi qiymətləndirən Prezident elə həmin gün “çağırılanlarla” görüşmək məcburiyyətində qalmışdı və rayon rəhbərləri S.Hüseynovun qanunsuz əməlləri barədə gen-bol danışmışdılar.

Baş prokurorluqdan Sürətin cinayətləri və həbsinə sanksiya verilməsinin mümkünlüyü barədə məlumat aldıqdan sonra Gəncəyə gedən, özü səviyyədə olan silahdaşlarının bir neçə gün ərzində atdıqları ağılsız və səriştəsiz addımlardan sonra çıxılmaz vəziyyətə düşən, canının qorxusundan qiyamçıya yaltaqlanmaq məcburiyyətində qalan Arif Hacıyev indi Azərbaycan hakimiyyətini səriştəsizlikdə günahlandırır. Cəmi bir il iqtidarda olub, dünyada bənzəri olmayan biabırçılıqla hakimiyyətdən gedən, bacarıqsızlıqları, xəyanətkarlıqları, ağılsızlıqları, səriştəsizlikləri Milli Məclisin 16 iyul 1993-cü il tarixli Qərarı ilə rəsmiləşdirilmiş, sübut olunmuş bir iqtidarın nümayəndəsi belə bir bəyanat verməyə cəsarət edir:

“Azərbaycan hakimiyyətinin yarıtmaz, səriştəsiz siyasəti ona gətirib çıxarıb ki, qalib gəlib məğlub duruma, haqlı olub haqsız duruma düşmüşük. Bütün dünyada yalnız qərəzli, bizə düşmən olanlar yox, əksər obyektiv qurumlar da, bir çox ləyaqətli adamlar da bizi haqsız hesab edir”-deyir. Biz nədə məğlub duruma düşmüşük? 44 günlük savaşda tariximizdə bənzəri olmayan qələbə qazanmışıq. Azərbaycan müstəqillik tarixində heç vaxt bu qədər güclü, bu qədər nüfuzlu olmayıb. İndi də addım-addım, tələsmədən qələbəmizi möhkəmləndirməyə, xalqımızı xarici və daxili təhlükələrdən qorumağa, suverenliyimizi təmin etməyə çalışırıq. Bəs, bizi haqsız sayan o “obyektiv qurumlar”, o “ləyaqətli adamlar” baş verənləri görmürlərmi? Ləyaqətli dediyin adam, obyektiv dediyin qurum həqiqətin, ədalətin “anasını ağladıb” ağa necə qara deyə bilər?

Öz torpaqları uğrunda mübarizə aparan, heç kimin bir qarış torpağına göz dikməyən Azərbaycanı necə haqsız saya bilər? Bəlkə, onlar da sizin qədər “obyektiv” və “ləyaqətli” insanlardır? Bəlkə, onlar da öz merkantil maraqları naminə hər cür ədalətsizlik etməkdən, şər, böhtan söyləməkdən çəkinməyənlərdir? Azərbaycan hakimiyyəti yeddi aydır ki, ermənilərin minaladıqları əraziləri təmizləməklə bərabər, öz doğma yurdları üçün darıxan həmvətənlərimizə icazəsiz səfərlərin təhlükəli olduğunu anlatmağa çalışır.

“Düz 27 il səbr etdik, bir az da dözək, sahələr tamamilə təmizlənsin, o abad torpaqlara birgə qayıdaq”- deyir. Siz isə vətəndaşlarını qorumaq üçün əlindən gələn hər şeyi edən bu hakimiyyəti günahlandırır və Kəlbəcərdə minaya düşən dəyərli həmvətənlərimizin ölümündə prezident İlham Əliyevin təqsirli olduğunu iddia edirsiniz. Siyasi rəqib olsa da, ləyaqətli insan belə hərəkəti özünə rəva bilməməlidir. Çünki bunun adı ədalətsizlik və namərdlikdir.“7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata-baba yurduna buraxılmır, minaya düşüb həlak olanların sayı isə azalmır ki, artır”. Bu cür dolaşıq fikirləri söyləyən, təkcə Azərbaycan iqtidarı ilə deyil, həm də “məntiq” adlanan elmlə çox ciddi problemi olan kəsə ad verməyi, daha doğrusu, diaqnoz qoymağı isə həkimlərin öhdəsinə buraxıram.

Allah şəfa versin!

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə