"Ulu Öndərimiz Heydər Əliyev unudulmazdır" MƏQALƏ

Həyatını xalqına bəxş edənlər, vətəni üçün ömrünə qıyanlar, əməli ilə bəşəriyyəti ucaldanlar ucadırlar, ölməzdilər. Çünki onlar insanlığa xidmət edirlər, gələcəyi aydın görürlər.

Dünya və həyat müdrik, xeyirxah, vətənpərvər insanların əməlləri, amalları ilə gözəldir, mənalıdır, bəxtiyardır. Dövlətçiliyə, insanlığa, gələcəyə qiymət verənlər və bunun üçün çalışanlar xoşbəxtdirlər, unudulmazdılar. Müdrik, çəsarətli, qeyrətli övlad yetişdirən xalqın başı ucadır, sözü kəsərlidir, yolu işıqlı, sabahı uğurludur. Müdriklərin söylədiyi kimi, dövlət, əhalisinin sayına və ərazisinə görə deyil, ləyaqətli vətəndaşlarının, oğul və qızlarının ağlına, təfəkkürünə görə tanınır, seçilir və ucalır.

Azərbaycan dövləti kiçik olmasına baxmayaraq Heydər Əliyev kimi dahi oğlu ilə çox böyükdür, əzəmətlidir, qüdrətlidir. Ulu Öndərin ideyaları xalqının yoluna işıq saçan bir mayakdır və uzun illərdi ki, insanlar bu nurun şöləsinə qızınır, irəliyə gedir, uğur qazanırlar. Millilik, dövlətçilik, azərbaycançılıq Heydər Əliyevin həyatının mənası və ideya silahı idi. “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”, fikrini həyatı boyu öz fəaliyyəti ilə sübut edən Ümummilli Liderimiz dilimizin, dinimizin, tariximizin, adət - ənənələrimizin qorunması, inkişaf etdirilməsi naminə bütün çətinlikləri dəf etdi və səbəbsiz deyildi ki, Sovetlər İttifaqı dövründə konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edildi. Heydər Əliyev qətiyyətlə bildirirdi: “Hər bir xalqın milliliyi, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Ulu Öndər milli ideologiyamızın inkişafında Azərbaycan dilinin müstəsna rol oynadığını qeyd etməklə, dövlətçiliyin möhkəmləndirilməsində, müstəqilliyinin uzun ömürlü olmasında dilin mühüm əhəmiyyət daşıdığını şərtləndirirdi. Dil dövlətin, millətin varlığını sübut etdiyi kimi, həm də dövlətçiliyin möhkəmləndirilməsi, milli ruhun oyanışı üçün mühüm vasitədir. Dilini sevməyən insanın dövləti sevməsi, dövlətçiliyin möhkəmlənməsinə fayda verməsi, milli ideologiyanın daşıyıcısı olması şübhəlidir. Dilinə laqeyd olan milli və vətənpərvər ola bilməz. Heydər Əliyev öyrədirdi ki, “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır... Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi həyatından - hər şeydən üstün tutsun”. Dilimizin, dinimizin, adət - ənənələrimizin milli - mənəvi dəyərlərimizin əsası kimi qiymətləndirilməsi Heydər Əliyev ideyalarından bəhrələnməklə bu üç komnonent, onun Azərbaycana rəhbərlik etdiyi bütün illərdə milli ideologiyasının ən vacib tərkib hissəsi kimi diqqət mərkəzində olmuş və inkişaf etdirilmişdir. Azərbaycançılıq və dünyəvilik, tarixə hörmət və müasirlik, milli mənəvi dəyərlərin qorunması və ümumbəşər dəyərlərə inteqrasiya mənə görə məhz bu köklər üzərində şaxələnmiş, qol - budaq atmışdır.

Çox böyük bəşəri dəyərlərə malik olan, tarixiliyi və müasirliyi, sülhsevərliyi və ədalətliliyi, dünyəviliyi və tolerantlığı özündə birləşdirən azərbaycançılıq ideologiyasının dünya azərbaycanlıları, eləcə də mütərəqqi insanlar tərəfindən dəstəklənməsi, nəinki bir təbliğat vasitəsi, elm kimi qəbul edilməsi onun ifrat millətçilikdən, rasizmdən, dini fanatizmdən, düşmənçilik meyllərindən uzaq olmasıdır. Heydər Əliyev dünya azərbaycanlılarını daim bir məqsədə - Azərbaycanı azad, müstəqil inkişaf edən bir ölkə kimi tanıtmaq, ucaltmaq uğrunda birgə mübarizəyə səfərbər etməyə səsləyir, yaşadıqları hər bir regionda milli dəyərlərimizi, adət - ənənələrimizi yaşatmağa çağırışlar edirdi. Dünya azərbaycanlılarının 10 noyabr 2001 - ci ildə keçirilən I qurultayında Ulu Öndər öz arzularını, fikirlərini ifadə edərək deyirdi: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli - mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”. Heydər Əliyev əslən azərbaycanlı olan xarici ölkə vətəndaşlarına Azərbaycanı sevməklə bərabər yaşadığı ölkənin ictimai - siyasi, mədəni həyatında fəal iştirak etməyi, tanınmağı, irəli getməyi, nüfuz qazanmağı tövsiyə edir, azərbaycanlı adının, şərəfinin qorunması məsələlərinə həssaslıqla yanaşırdı. O, azərbaycanlı olmasından qürur duyduğu, fəxr etdiyi kimi, həm də harada yaşamasından, işləməsindən aşlı olmayaraq elmli, təhsilli, fəaliyyəti ilə fərqlənən, tanınan soydaşlarımızla fəxr edirdi. Ümummilli Liderimiz dünyanın bir parçası sayılan Azərbaycanı beynəlxalq aləmə inteqrasiya etmək, xarici ölkələrlə əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək, ərazi bütövlüyümüzə nail olmaq, iqtisadiyyatı yüksəltmək, insanların maddi – rifah hallarını yüksəltmək, sərhədlərimizi qorumaq üçün əlindən gələni sərf etdi və bu günkü inkişafımızın təmin olunması naminə çox mühüm, dünya əhəmiyyətli tədbirlər həyata keçirdi. Atəşin dayandırılması, erməni təcavüzkarlarına yeni ərazilərin işğalına imkan verilməməsi, 1994 - cü il sentyabrın 20 - də “Əsrin müqaviləsinin” imzalanması, beynəlxalq təşkilatlarla, xüsusilə BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, TÜRKSOY və xarici ölkə parlamentləri ilə əlaqələrin yaradılması bilavasitə ölkə iqtisadiyyatının inkişafına, müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmləndirilməsinə, çoxtərəfli əməkdaşlığa, digər tərəfdən azərbaycançılıq ideologiyasının təbliğinə, birliyimizə, ölkədə ictimai - siyasi sabitliyin bərpa olunmasına hesablanmışdır.

Heydər Əliyev bütün dövrlərdə başqa respublikalarda yaşayan azərbaycanlılara diqqət göstərmişdir. Onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, eləcə də digər müttəfiq respublikaların ali məktəblərinə qəbul olunurdular. Hər il 800 - dən çox azərbaycanlı qabaqcıl təhsil ocaqlarında təhsilini davam etdirir, mütəxəssis kimi yetişirdilər. Müstəqillik dövründə də Ümummilli liderimiz bu məsələyə böyük önəm verir, azərbaycanlı gənclərin elmli, savadlı, dünya görüşlü olmasına diqqətlə yanaşırdı. Ulu Öndərin təşəbbüsü ilə 31 dekabr 1991 - ci ildə təsis edilən Dünya Azərbaycanlıların Həmrəylik və Birlik günü dünya azərbaycanlılarının bir araya gəlməsində mühüm əhəmiyyətə malikdir və bu bayram dünyanın əksər ölkələrində qeyd edilir. Bu gün azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən, onları yeni uğurlara səfərbər edən bir ideologiyadır, elmdir. 2016 - cı il, 3 iyun - 4 iyun tarixlərində Bakıda kecirilən və 49 ölkədən 500 - dən çox nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlılarının IV qurultayı və qurultayda səsləndirilən dəyərli fikirlər, təkliflər bunun əyani nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev dünya azərbaycanlılarının birliyinin təmin edilməsində Ulu Öndərimizin təşəbbüslərinin, çağırışlarının böyük rol oynadığına diqqəti cəlb etməklə demişdir: “Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək, fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək”.

Heydər Əliyevin bəşəri duyğuları, düşüncələri onun mənəvi dünyasından qidalandığı, güc aldığı üçün möhtəşəm, uzunömürlü, dünyəvidir. O, vəzifə sahibini, dövlət işində çalışan hər bir kəsi, hətta sadə bir insanı da mənəvi cəhətdən sağlam görmək arzusunda idi. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır, fikrində olan Ulu Öndərimiz yaxşı bilirdi və öz həyatında təcrübədən keçirib belə bir qənaətə gəlmişdi ki, mənəviyyatı olmayanlar, öz şəxsi mənafeyini güdənlər, dilinə, dininə, adət - ənənəsinə xor baxanlar dövlətə ürəkdən xidmət edə bilməzlər, dövlətçiliyin, müstəqilliyin keşiyində sədaqətlə durmazlar, xeyirxahlıq göstərməzlər, insanları lazımınca qiymətləndirməzlər. Milli ideologiyamızın Heydər Əliyev konsepsiyası sağlam, humanist, milli və ümumbəşəri dəyərlərə xidmət etməklə, öz mütərəqqiliyi, barışdırıcı, birləşdirici mahiyyət daşıdığı üçün önəmlidir, əbədiyaşardır. Bu ideologiya yalnız Azərbaycan xalqının xoşbəxt gələcəyinə deyil, dünyada sülhün, əmin amanlığın, azadlığın qələbəsinə xidmət etdiyinə görə sevilir, dünya xalqları tərəfindən ehtiramla qəbul edilir.

Ulu Öndər əmək fəaliyyətinə başladığı ilk gündən haqqın, ədalətin, tərəqqinin, elmin, təhsilin tərəfində olmuş, hələ sovetlər dövründə dövlət idarəçiliyinin, vətənpərvərliyinin, milli təəsübkeşliyin, kadr hazırlığının yeni, mütərəqqi modellərini yaratmışdır. O fəaliyyətinin bütün dövrlərində bir xilaskar missiyasını yerinə yetirmişdir. 1969 - cu ildə ilk dəfə Azərbaycana rəhbər təyin ediləndən sonra respublikanı ağır iqtisadi böhrandan çıxararaq ittifaqın ən qabaqcıl regionlarından birinə çevirmiş, 1993 - cü ilin iyun ayında ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə gələrək Azərbaycanı parçalanmaqdan, ağır bəlalardan, qarşıdurmalardan xilas edərək dövlətçiliyimizi, müstəqilliyimizi qorumuşdur.

Heydər Əliyev müdrik rəhbər, uzaqgörən siyasətçi, dünya şöhrətli dövlət xadimi olmaqla bərabər, həm də əsl Azərbaycanlı, xeyirxah, nəcib bir insan, mehriban, sevimli ailə başçısı, sədaqətli vətəndaş idi. Bu bəşəri dəyərlər, yüksək insani keyfiyyətlər, Ümummilli liderin həyatının hər anını mənalandırmış, ona ümumxalq məhəbbəti qazandırmışdır. Heydər Əliyev varlığı, həyatı qədər sevdiyi Azərbaycanı həmişə azad, xoşbəxt, bütöv, müstəqil görmək arzusunda idi. Torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğal edilməsi, qaçqın və köçkünlərimizin əzab - əziyyətli həyatı, vətəndaşlarımızın başına gətirilən sonsuz müsibətlər - soyqırımları, sui - qəsdlər, təhqirlər ona ömrünün sonuna kimi rahatlıq vermədi. Ciddi cəhdlərə, siyasi gedişlərə baxmayaraq, havadarlarına arxalanan Ermənistanı susdurmaq, torpaqları işğaldan təmizləmək mümkün olmadı. Ancaq Ulu Öndər həyatının son anına qədər işğal altında olan ərazilərimizin düşməndən təmizləyəcəyinə, ədalətin, haqqın qalib gələcəyinə inanırdı və o bunu bütün çıxışlarında qabardır, qəlbi zəfər çalacağımız günü görmək arzusu ilə döyünürdü. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır, sevinir. Həyatının 98 - ci baharında onun ölməz ruhu Qarabağ torpaqlarını, vaxtı ilə abadlaşdırdığı, inkişaf etdirdiyi o şəhərləri, kəndləri dolaşır. Onun edə bilmədiklərini, başa çatdırmadıqlarını, vəsiyyətlərini indi əziz övladı, özü kimi inandığı və etibar etdiyi Azərbaycanın Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev həyata keçirir.

Bəli, Ulu Öndərimiz, unudulmaz rəhbər, torpaqlarımız işğaldan azaddır. Ali Baş Komandan, müzəffər ordumuz, Azərbaycan xalqı Sizin ölməz ideyalarınızın işığında düşmənə sarsıdıcı zərbə vurdu, şəhidlərimizin, günahsız insanlarımızın qisası alındı. Tarixi ədalət bərpa olundu, erməni faşistləri diz çökdü, tərəqqipərvər bəşəriyyət, dünya, Prezidentimizin, xalqımızın, ordumuzun gücünü, birliyini, qəhrəmanlığını, hansı ideyalar uğrunda mübarizə apardığını, nəyə arxalandığını, kimdən qüvvət aldığını gördü və bundan sonra da qələbələrimizin daha uğurlu, möhtəşəm olacağına inandı

Dünya bir daha hiss etdi, bildi ki, Heydər Əliyevin ideyaları bəşəridir, ölməzdir və bu ideyalara sahib olan, yiyələnən ölkə rəhbəri, xalq hər bir çətinliyə qalib gəlməyə, uğurlar qazanmağa, yeni tarix yazmağa qadirdir.

Tahir Rzayev

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...