Məşhur Məmmədov: “Hərbi Qənimətlər Parkı erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”

"Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin işğalçı Ermənistan üzərində qələbəsinin əyani sübutudur. Hərbi Qənimətlər Parkının açılışında Ali Baş Komandanımızın dediyi kimi: “Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.

M.Məmmədov bildirib ki, bu Parkın açılışı təkcə Ermənistana yox, bütün dünyaya mesaj olduğunu və dəmir yumruğun daima yerindədir: “Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir”. Bu park, əslində, dəmir yumruğun zərbə gücünü sübut edən məkandır. Hərbi Qənimətlər Parkının yaradılması İkinci Qarabağ müharibəsində ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini özündə əks etdirir. Ən əsası isə, Hərbi Qənimətlər Parkı ermənilərə göz dağıdır. Tarixi qələbəmizin Ermənistan cəmiyyəti üçün yaratdığı acı mənzərənin günahını özlərində axtaran erməni ictimai xadimlər, media və revanşist düşüncəli kütlə hərbi muzeyin ərsəyə gəlməsini hələ uzun müddət həzm edə bilməyəcək. 44 günlük müharibədə ordusu darmadağın edilən Ermənistan hələ uzun illər məğlubiyyətin acısını yaşamalı olacaq".

Millət vəkili onu da bildirib ki, Qənimətlər Parkı Azərbaycan Ordusunun güc-qüdrəti ilə bərabər, işğalçının faşist xislətini də göstərir: "Prezident İlham Əliyev ölkəmizə qətiyyətli və diplomatik “Dəmir yumruq” siyasəti ilə 17 il ərzində Azərbaycanı bu Qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşdırmışdı. Dövlətimizin başçısı münaqişənin davam etdiyi uzun bir dövrdə çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırmışdı. Həmçinin, bütün ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya yaymaqla, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırmışdı. Nəticədə, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı da Azərbaycan Ordusunun 44 gündə yüksək döyüş ruhunun nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Zəfər paradında uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin qənimət kimi götürülən hərbi texnikasının bir hissəsinin nümayişi də qürurverici hadisə kimi yadda qaldı. Bu gün düşmənin qənimət kimi götürülən hərbi texnikasının Hərbi Qənimətlər Parkında nümayişi Azərbaycan dövlətinin, Müzəffər Ordusunun əsgər və zabitlərinin rəşadətinin, məclub Ermənistan dövlətinin, əsgərlərinin səviyyəsizliyinin, qorxaqlığının nümayişidir. Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında demişdir: «İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

M.Məmmədov sonda onu da vurğulayıb ki, Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin təbliğinə, Azərbaycanın qalib, Ermənistanın məğlub ölkə kimi dünyada tanınmasına geniş imkanlar açacaq: “Hərbi Qənimətlər Parkda olan eksponatların hər bir qarışı sanki açıq dərsdir, canlı tarixdir! Bu park Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür. Həm də hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, Ordumuzun qərəmancasına yaratdığı bir əsərdir, hərbi məktəbdir, institutdur və nəhayət, and yeridir. Bu, tarixdir, həm də bu məkana ziyarətə gələn hər kəsdə Ordumuzun gücü haqqında təsəvvür formalaşır”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə