Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 29 il ötür

Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatına da üzv olub. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb. 1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə, BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi, qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.

Əlbəttə ki, dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoyaraq beynəlxalq aləmdəki mövqeyini artıraraq, beynəlxalq əlaqələri möhkəmlətməyə önəm verdi. Təbii ki, Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə, dövlət müstəqilliyinin qorunub-saxlanılması və möhkəmləndirilməsi, bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və s. proseslərdə bu qarşılıqlı əlaqə və münasibətlərə xüsusi olaraq diqqət ayırdı. Qısa müddət ərzində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Birliyi, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu, Parlamentlərarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və başqa beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yaratdı. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini və həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Odur ki, bu imkanlardan geniş istifadə edilməsi zəruridir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və s. sahələri əhatə edərək, çoxşaxəli xarakter daşıyır və Azərbaycanın maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlər qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də, qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib. Azərbaycanın BMT-yə üzv olması yenicə müstəqilliyini bərpa etmiş bir ölkə üçün dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında önəmli rol oynayıb. Qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi də Azərbaycanın BMT ilə münasibətlərinin inkişafına töhfəsini verib. Əməkdaşlığın dərinləşməsində BMT-nin Baş Katibi Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynayıb. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanış olan Butros Qali mövcud problemlərin həllində ölkəmizə dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının səylərini artıracağını bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edib, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı Baş Məclisdə keçirilən xüsusi təntənəli iclasda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlayıb, xüsusilə, Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırıb.

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan edib və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Eyni zamanda, dövlətimizin başçısı bildirib ki, təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniştərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verməlidir.

Həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilib. Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin torpaqlarda yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə istinad edilməklə, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunmuş, eləcə də, doğma torpaqlarından qovulmuş azərbaycanlıların yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənib.

Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir. 2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək, ölkəmizi bu mötəbər təşkilata üzv seçmişdir. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında demişdir: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz, iki il ərzində, qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirmiş, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini vermiş, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynamış və daim öz qətiyyətli mövqeyini ortaya qoymuşdur.

Azərbaycan müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin, bilavasitə iştirakçısı olmuşdur.

2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin Baş Katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilmişdir. Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir.

Azərbaycan Respublikası 2016-cı ildə BMT-nin işində fəal iştirak etmiş və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir.

Bu dövrdə, BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fəaliyyət prioritet təşkil etmişdir. "Azərbaycan işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri" adlı bəndlər BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının gündəliyində saxlanmışdır. Bu dövrdə münaqişə zonasında vəziyyət, ələlxüsus, 2016-cı ilin aprel ayında Ermənistanın cəbhə xəttində etdiyi irimiqyaslı hücum cəhdləri və onun gedişində törətdiyi müharibə cinayətləri barədə BMT çərçivəsində müntəzəm məlumat yayılmışdır.

2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən "BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi" adlı sənəd imzalanmışdır.

Dövlət başçısı BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırmışdı. Cənab Prezident çıxışında bildirib ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.

Beynəlxalq təşkilatlar içərisində öz universallıq dərəcəsinə, əhatəliyinə, dünya siyasətindəki roluna və yerinə görə, ən yüksək qurumlardan biri olan BMT ilə Azərbaycan əlaqələri davamlı xarakter daşıyır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə