Sabah Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək

Martın 1-də Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin təmsil olunduğu Qarabağ üzrə üçtərəfli İşçi Qrupun videokonfrans formatında növbəti görüşü keçiriləcək. SİA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İşçi Qrupun üçüncü iclasının nəticələrinə əsasən deyib.

Onun sözlərinə görə, bundan öncəki iclasda Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Overçuk iclas iştirakçılarının 10 noyabr bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə işin əsas istiqamətlərini, həmçinin 11 yanvar bəyanatının 2,3,4 -cü bəndlərini müzakirə etdiyini söyləyib.

"Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınma, habelə sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla daşınmanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair ekspert quplarının hesabatlarına baxdılar. Səlahiyyətli orqanlara MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması tövsiyə edildi", - deyə Overçuk vurğulayıb.

Qeyd olunub ki, İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə