BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib FOTO

ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib. Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildirilib ki, "Xocalıya ədalət" (Justice for Khojaly) adı altında keçirilən sərgidə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları nümayiş etdirilib. Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib. Sərgi ABŞ ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar. Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclər sərgiyə qatılan insanlara tarix boyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, onların Xocalıda körpə və yaşlı demədən insanlığa sığmayan vəhşiliklə həyata keçirdikləri cinayətlər haqqında məlumatlar veriblər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə