Sayt parlamentlərarası dostluq qruplarının görüşündən yazıb

Litva Respublikası Seyminin "lrs" saytı Azərbaycan-Litva parlametlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının fevralın 25-də videokonfrans formatında keçirdiyi onlayn görüşündən yazıb. SİA xəbər verir ki, məqalədə Xocalı soyqırımının 29-cu anım günündə Kazis Starkyaviçyusun rəhbərlik etdiyi Litva Seyminin Azərbaycan parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Milli Məclisin Azərbaycan-Litva parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri arasında müzakirə olunan məsələlərdən danışılıb.

Bildirilib ki, Litva Seyminin deputatları bu hadisənin Azərbaycan tarixində qanlı və amansız faciə, bəşəriyyətə qarşı törədilmiş və unudulması mümkün olmayan dəhşətli cinayət olduğunu qeyd ediblər. Görüşdə dramatik faciədən bəhs edən Litva müəlliflərinin ərsəyə gətirdiyi "Sonsuz dəhliz" sənədli filmi xatırlanıb. İşçi qrupunun sədri K.Staryaviçyus həmin faciəvi hadisənin əhəmiyyətini anladıqlarını və dəyərləndirdiklərini, bu ağır anım günündə Azərbaycanın yanında olduqlarını söyləyib.

Distant görüş parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsinə həsr edilib. Yaxın günlərdə iqtisadiyyatın inkişafı, qanunvericilik, iqtisadi məsələlər və yaşıl enerji məsələləri üzrə komitələrin təcrübə mübadiləsi aparması planlaşdırılır.

İşçi qrupunun sədri K.Staryaviçyus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Litva Ədəbi Tərcüməçilər İttifaqının həqiqi üzvü, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, çoxmillətli Litva vətəndaş cəmiyyətinin qurulmasında əvəzsiz xidmətləri olan, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyevin "Litva qarşısında xidmətlərə görə" ordeninin Cəngavər Xaçı ilə təltif edilməsindən məmnunluq hissini ifadə edib.

Birgə keçirilən iclasda Litva Respublikası Seyminin 2021-ci ili "Litva tatarlarının tarixi və mədəniyyəti ili" elan etdiyi də vurğulanıb. Anım tədbirləri Litvanın Bakıdakı səfirliyində də təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə