Prezidenti İlham Əliyev:"Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır" VİDEO

"Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır"

SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir: "Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var.

O ki qaldı, gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu, baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını da tapıblar. Baxın, Ermənistanın 1990-cı illərdəki müdafiə naziri azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq.

Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar.

Eyni zamanda, mən dediyiniz məsələni də yaxşı başa düşürəm. Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq, həm qurbanların yaxınları, həm bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə