MEDİA nəyi və niyə dəyişəcək? – ANALİZ

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb. Çox sayda problemlərin müşahidə olunduğu, informasiya çirkliliyinin geniş yayıldığı bir məkanda MEDİA-nın fəaliyyəti nədən ibarət ola bilər və Azərbaycan mediasının inkişafına hansı töhfələr verə bilər? Yazımızda bu məsələlərə toxunacağıq.

MEDİA niyə yaradıldı və fəaliyyəti nədən ibarət olacaq?

Fərmanda deyilir ki, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Buna görə də, medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradılıb.

Nizamnamə fondu 285 405 manat təşkil edən və dövlət büdcəsinin vəsaiti hesabına formalaşan Agentliyin əsas fəaliyyət istiqamətləri müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, müvafiq sahənin inkişafını təmin etməkdən ibarət olacaq.

Agentliyin vəzifələrinə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək, cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, peşə etikası qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək kimi işlər daxildir.

Bundan başqa, Agentliyin mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyati üzrə müraciət etmək, mediada inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək hüquqları vardır.

Göründüyü kimi, MEDİA-nı çox böyük və çətin iş gözləyir. Yəqin ki, Fondun kadr bazasının əsasında Agentliyin işçi heyəti daha da genişləndiriləcək və MEDİA bu çətin və məsuliyyətli işin öhdəsindən gələcək. Şübhə yoxdur ki, bu işdə ölkənin tanınmış media mütəxəssisləri, media orqanlarının rəhbərləri də Agentliyə öz dəstəklərini verəcəkdir.

Print medianın əsas problemləri nədən qaynaqlanır?

İnternetin inkişafı media sistemini, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Elektron media sürətlə print medianı sırdan çıxarır. Print media bəzi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə müqavimət göstərə bilir, amma tezliklə onlar da sıradan çıxacaq. Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Dövlət əlini çəksə, bir aya ortada bir qəzet və jurnal qalmaz. Buna görə dövlətə ən azı təşəkkür düşür. Səbəbləri aydındır. İnformasiya əsrinə, sürət əsrinə gəlib çıxdıq, qəzet və jurnallar bu sürətlə ayaqlaşa bilmir, onlar bir xəbəri verənə kimi 1 gün keçir və vəziyyət 3 dəfə dəyişir.

Qəzet və jurnal sanballı təhlillər, maraqlı müsahibələr, dərin araşdırmalar, elmi məqalələr verməlidir ki, saytlardan fərqlənə bilsin. Amma bunu da edə bilmirlər. Çünki bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlar lazımdır, onlar isə aşağı maaşa işləmirlər. Reklam bazarı yoxdur deyə qəzetlər mütəxəssislərə, peşəkar jurnalistlərə səviyyəli yazılar yazdıra bilmirlər, ucuz işçi qüvvəsi kimi daha çox gənc praktikantları işlətməyə üstünlük verirlər. Bu da nəticəsini göstərir. Üstəlik, qəzet və jurnal yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 40-50 qəpik verib qəzet almağa çoxunun imkanı yoxdur, olanda da almır, çünki saytlarda pulsuz oxuyur.

Burada print medianın gəlirinin az olması səbəbindən jurnalistlərə yüksək əməkhaqqı ödəyə bilməməsi də rol oynayır. Belə şəraitdə onlar başqa sahələrə gedir, yerlərini isə daha az peşəkar olan təcrübəsiz həmkarları tutur. Bu halda da qəzetlər öz peşəkarlığını və nüfuzunu itirir. Son nəticədə bu da onların oxucu auditoriyasının, dolayısı isə gəlirlərinin azalmasına səbəb olur.

Qəzet və jurnalların reklamlarının çox az olması da onların maddi vəziyyətlərinə ciddi təsir edir. Belə ki, əksər şirkətlər öz reklamlarını, elanlarını elektron mediada verilməsinə çalışırlar. Çünki bu halda həmin reklam banneri electron formada internetdə qalır və onu uzun müddət sosial şəbəkələrdə yaymaq asan olur. Bu hal isə qəzetlərin zərərinədir.

Elektron media: mənfi və müsbət tərəfləri

Elektron mediaya gəldikdə, burada hər cür imkanlar var. Sadəcə, ifrat azadlıq olduğundan vəziyyət birmənalı deyil. Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəflər aydındır- hər bir faktı, hadisəni əhaliyə daha tez çatdırmaq olur, operativlik yüksəkdir, canlı yayım vermək, limitsiz foto və video əlavə etmək, bunu milyonlarla ünvana çatdırmaq, onlayn göndərmək, interaktivlik təmin etmək imkanı var.

Mənfi tərəflər odur ki, hər cür provakativ, reklam və təbliğat xarakterli məlumatlar, saxta və dezinformasiya materiallarını yaymaq asan olur. Bundan başqa, söyüş, təhqir, şantaj imkanları genişdir. Çünki burda mənbəni tapmaq və cəzalandırmaq da mümkün deyil. Adam oturub misal üçün, Avstraliyada, Azərbaycandilli bir sayt açıb, istədiyi hoqqanı çıxara bilər. Hətta ümummilli və dövlət əhəmiyyətli proseslərdə təxribatlar da törətmək mümkündür. Son dövrlərdə belə cəhdlərə çox şahid olmuşuq.

Beləliklə, internet media müsbət tərəflərindən daha çox mənfi tərəfləri ilə ortadadır. Bu məkanda, əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə şəxs sayt açaraq xəbər yayır. Peşəkarlıq çox aşağı səviyyədə, maddi texniki baza zəif, əhatə dairəsi və müxbir postları şəbəkəsi yox, dünya informasiya məkanına çıxış gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Çoxu 1-2 nəfərdən ibarətdir, o da sayt adminləri. Üstəlik, bu adminlərin çoxu jurnalist deyil, nə ədəbi dil və rəsmi dil qaydarından, nə peşə etikasından, nə də yazı üslublarından və janrlardan xəbərləri var.

Belə saytlardan bəziləri yalançı və şişirdilmiş başlıqlarla xeyli oxucu cəlb edə bilir, yəni, hətta bəzi hallarda girişləri ciddi mediadan çoxdur. Lakin bu onların media olduğunu göstərmir. Mediada əsas meyar oxunma sayı deyil, tamam başqa prinsiplərdir. Ümumiyyətlə, saxta “şok” başlıqla 100 min nəfəri aldadıb sayta daxil olmasını təmin edən hər hansı bir saytda ciddi media orqanını müqayisə etmək belə olmaz, baxmayaraq ki, oxucu sayında 10 dəfə fərq var. Bunları sadəcə sayta adlandırmaq və mediaya heç bir aidiyyatının olmadığını bimək vacibdir. Giriş sayına qalsa, elə xidmət və ya satış saytları var ki milyonlarla girişi var amma bunlar media deyil.

Bəzi xəbər portallarında da vəziyyət qənaətbəxş deyil. Yaydıqlarının 90 faizi hazır rəsmi məlumatlar, əməkdaşların telefonla kimisə danışdırdığı, tədbirlərdən göndərdiyi “o dedi, bu dedi” qəbilindən “eksklüziv” xəbərlərdır. Yaradıcılıq, xəbər axtarışı, problemi tapıb ortaya qoymaq, reportaj hazırlamaq, analiz etmək və araşdırmaq payı çox azdır.

İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin elementidir

Medianın əsas problemlərindən biri də, bəzi işbazların qəzet, sayt açaraq rüşvət yığmaqla məşğul olmasıdır. Uzun illərdir mətbuatda belə əməllər var və azalmaq əvəzinə də artır. Bəzi qeydiyyatdan keçmiş, lakin çap edilməyən, ya da ildə 1-2 dəfə 100 tirajla çap edilən “reket” “qəzet”lərin “baş redaktorları” saga-sola vəsiqə paylamaqla məşğuldur.

Bəzi məlumatlara görə, Azərbaycanda 50 min nəfərdən artıq vətəndaş cibində jurnalist vəsiqəsi gəzdirir, real jurnalistika ilə məşğul olanların sayı isə heç 5 min nəfər də deyil. Bunların sayəsində jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.

Əvvəllər bunu qəzetlər vasitəsilə edirdilər, son illərdə internet mediaya girişiblər, çünki burada daha böyük imkanlar var. Elektron medianın inkişafı özünün müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də mətbuata sirayət etdirdi. İnternet mediada hər hansı materialın qısa müddətdə yayılması üçün hər cür imkanlar var. Əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla xeyli şəxs bir neçə yüz manat xərc qoyaraq sayt açıb ağzına gələni yazmağa başlayır.

Bu sektoru nə tənzimləmək mümkün olur, nə nəzarət etmək, nə dəyişdirmək, nə də kənardan təsir etmək. Aidiyyatı dövlət orqanları və jurnlaist təşkilatları buna qarşı effektiv mübarizə apara bilmirlər. Qara siyahı hazırlamaq və qınamaq kimi bəzi tədbirləri nəzərə almasaq. Lakin bunlar heç bir effekt vermir, çünki problem fundamental və kompleksdir. Və mənbəyini mətbuat azadlığından götürür.

DTX-nın dəfələrlə qəzet və saytdan istifadə etməklə şantajla, rüşvətlə məşğul olan mütəşəkkil cinayətkar dəstəni ifşa edərək həbs etməsi artıq bu problemin kifayət qədər dözülməz həddə çatdığını göstərir. Bu hal göstərir ki, uzun illərdir mediada anarxiyanın qarşısını almaq üçün irəli sürdüyümüz təkliflər necə aktualdır. Dəfələrlə yazmışıq, tələb etmişik ki, bu “reket” adlandırılan şantajçı saytlar, qəzetlər ciddi cəzalandırılsın. Bunlar həqiqi jurnalistikanı da gözdən salır. Çünki açıq şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqalardan çıxır. Adı da olur mətbuat azadlığıdır.

Azadlıq anarxiya demək deyil. Dövlət vətəndaşların şərəf və ləyaqətini qorumağa borcludur. Belə saytların bir çoxu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüşlər başlayanda şahidi olduq, dezinformasiyalar baş alıb gedir, əhalidə qorxu yaradılır, düşmən mənafeyinə uyğun materiallar yayımlanır. Yaxud da, hansısa şirkətin, məhsulun reklamı üçün aldadıcı məlumatlar yayılır. Gənclərə əxlazsızlıq təbliğ edilir. Yəni, çox sayda problem yaradırlar.

KİV güclü silahdır, əhaliyə çox ciddi təsir imkanlarına malik, ictimai rəyi formalaşdıran institutdur, onu nəzarətsiz buraxmaq olmaz. Ümid edirəm ki, bu proses bununla bitməyəcək, bu gün media məkanında bu kimi qanunsuz işlərlə məşul olan onlarla digər saytlar barədə də ciddi tədbir görüləcək.

Media tənzimlənməsində 3-cü yol - “Qızıl orta” prinspi

Son dövrlərdə ölkədə mətbuat azadlığından sui-istifadə halları getdikcə artır. Mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının sayı-hesabı yoxdur.

Bu faktlar media qanunvericiliyi və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır- İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib çıxarmırmı? Cavab birmənalıdır- Çıxarır! Bu halda bu sahədə ciddi tənzimləmə və nəzarət mexanizmi olmalıdır.

Çünki bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması, milli və dövlət maraqlarına zidd materiallar yayması həm milli və dövlət təhlükəsizliyinə təhdid təşkil edir, həm də Azərbaycan cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.

Göründüyü kimi, belə bir şəraitdə MEDİA-nın yaradılmasının çox böyük əhəmiyyəti var. Dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.

Konkret olaraq, hazırda Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar var. Kim istəsə icazəsiz qəzet, jurnal, agentlik, internet saytı aça bilir. İstənilən şəxsin hansısa yayım orqanında və ya sosial şəbəkələrdə fikrini ictimailəşdirmək imkanları var.

Bu imkanlardan kimin necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Məsuliyyət tələb edilmədikdə cəza mexanizmi, ictimai qınaq olmadıqda isə ortada ciddi mətbuat olmur. Bu ikisinin arasında 3-cü yolun formalaşması üçün zaman lazımdır.

Azərbaycan mediası bu mərhələni keçməlidir. Bu nə qədər tez olsa o qədər yaxşıdır.

MEDİA media sektorunu necə inkişaf etdirə bilər?

Mediada problemlərdən biri də dil məsələsidir. Azərbaycan dilinin qayda və normalarının kobud pozulması halları da kəskin artıb. Özbaşına dilimizə əcaib sözlər daxil edirlər, şəkilçiləri yeyirlər, mübtəda, xəbər yerini tərsinə qoyurlar, ana dilimizin doğma sözlərini ingilis və türk sözləri ilə əvəz edirlər. Bu işdə ən böyük pay isə internet jurnalistlərindir. Amma televiziya və radio aparıcıları da onlardan geri qalmırlar.

Dil milli mədəniyyətin və tariximizin əsas dəyərlərindən və nəsillərarası əlaqə vasitələrindən biridir. İndi isə bu əlaqə kəsilmək üzrədir. Artıq uşaqlara yaxın keçmişdə dərc olunmuş kitabları, qəzet və jurnalları verdikdə tam başa düşə bilmirlər, çünki o sözlərin çoxu leksikondan çıxarılıb və ya yeni qondarma sözlərlə əvəzlənib.

Əlbəttə, dilimizə qəbul olunmuş yeni elmi və texniki terminlərdən söhbət getmir. Hesab edirəm ki, MEDİA-nın tərkibində bununla bağlı xüsusi komissiya olmalıdır. Bu tendensiyanın qarşısı alınmasa yaxın illərdə yaşlı nəsillə gənc nəsil bir-birinin yazdığını, dediyini başa düşməyəcək.

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bu, birbaşa dövlət-cəmiyyət- media üçbücağındakı qarşılıqlı vəziyyətlə analoji müstəvidə inkişaf edən bir sistemdir. Medianın dəyişməsi üçün bu ücbucağın bütün tərəfləri dəyişməlidir. Dövlət media siyasətini, cəmiyyət isə özünü dəyişməlidir.

Dövlət əsasən ciddi və peşəkar mediaya dəstək verməlidir ki, həm cəmiyyətin rəğbətini qazansın, həm də beynəlxalq məkana çıxış imkanları yaransın. Onlara hər sahədə problemləri, nöqsanları aşkarlayaraq tənqid etməsini, rüşvətxor məmurun, dövlətə zərər vuran vəzifəli şəxslərin ifşasını təmin etməlidir, özü də bunun əsasında müvafiq tədbir görməlidir.

Cəmiyyət isə +18 və şou mövzuların başını buraxıb ciddi siyasi, iqtisadi, mədəni, elmi mövzularda materialları oxumalıdır. İş adamları, şirkətlər peşəkar mediaya reklam verməlidir. Televiziyalar peşəkar qəzetləri təşviq etməli, onların xülasəsini verməlidir.

Bundan sonra medianın İP qazanmaq naminə cəmiyyətə zərərli, mənəvi dəyərlərə zidd materiallar verməsinə ehtiyac qalmayacaq. Satışdan, abunədən, reklamdan normal gəlir əldə edəcəklər. Nəticədə peşəkar, savadlı şəxslər işə cəlb ediləcək, medianın nüfuzu artacaq. Cəmiyyət görəndə ki, media həqiqətən 4-cü hakimiyyətdir, ona dəstək verəcək. Media da dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətimizin və dövlətimizin maraq və mənafelərinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq.

Bəhruz Quliyev

"Səs" qəzetinin baş redaktoru, əməkdar jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə