Paşinyan getsə belə, anti-Rusiya siyasəti qalacaq ANALİTİK

Bunu erməni politoloqunun fikirləri də sübut edir

Nikol Paşinyanın hakimiyyətdən getməsini sürətləndirən əsas səbəblərdən biri və birincisi onun “məxməri inqilab” vasitəsi ilə Rusiya əleyhinə başlatdığı siyasəti oldu. Məhz anti-Rusiya siyasəti nəticəsində, daha dəqiq desək, Paşinyanın Sorosun verdiyi təlimatlarını icra etməsi faktı - “Qarabağ Ermənistandır və nöqtə”, yaxud Şuşada sərxoş şəkildə yallı getməsi sonrakı prosesləri sürətləndirdi. Bütün bunlar öz yerində və bəllidir ki, Nikolun getməsini tələb edən məğlub dövlətin rüsvay olmuş xalqı, müxalifəti indi onun Rusiyaya yalmanmasının yolverilməz olduğunu da deyirlər.

Putinin KTMT-nin iclasında Paşinyanın başına “sığal” çəkməsi nəyə hesablanıb?

Maraqlıdır ki, Qarabağdakı məğlubiyyətin əsas səbəbinin Paşinyanın hakimiyyətə gələr-gəlməz Rusiya əleyhinə siyasət aparması ilə əlaqələndirənlər indi Vladimir Putinin KTMT-nin video-konfransında onun başına sığal çəkərək, “mərdlik” göstərməsi - yəni Qarabağla bağlı üçtərəfli atəşkəs bəyannaməsini imzalaması fikrinə qıcıqlanır, hiddətləndirlər. Bu isə belə deməyə əsas verir ki, hətta Ermənistanın mövcud hakimiyyəti devrilsə belə, onun yerini tutan müxalifətçilər də anti-Rusiya siyasətini yürütməyə davam edəcəklər. Bunu verilən açıqlamalardan, bəyanatlarda da sezmək mümkündür. Misal üçün, erməni politoloqu Stepan Danielyan Facebook sosial şəbəkəsində yazıb ki, Nikolun komandası Putinin sözlərindən istifadə edib, digər tərəf isə pəjmürdə olub.

Erməni politoloqu əsasən deyib: “Açıq danışsaq, bundan ruhlananlar və təəssüf hissi keçirənlər bir-birinin yanında dayanıblar... Vladimiroviç (Putin) Vovayeviçə (Paşinyan) sadəcə şəxsi təhlükəsizliyinə zəmanət verib, onun komandasına isə gələcəkdə daha az qulaqburması verəcəyi ümidini”.

Stepan Danielyan: “Belə təriflərlə “Mənim addımım” hakim blokunun üzvləri ruhlanmaq yerinə utanmaqdan alov tutub yanmalıdırlar”

“Mən “mərdlik” sözünün mənasını anlamayanlara da izah edəcəm”, qeyd edən Danielyan bldirib: “Onların (Paşinyan komandasının) “mərdliyi” bundan ibarətdir ki, onlar erməni xalqının maraqlarına qarşı çıxıblar, yəni onlar bizə qarşı cürətli addım atıblar, ancaq həmin “mərdlik” Azərbaycana qarşı göstərilməyib. Belə təriflərlə “Mənim addımım” hakim blokunun üzvləri ruhlanmaq yerinə utanmaqdan alov tutub yanmalıdırlar”.

Taron Tonoyan: “Artıq Paşinyan Rusiya Federasiyasının prezidenti üçün ona sakit şəkildə tabe olan fiqurdur”

Digər erməni müxalifi, birinci Qarabağ müharibəsinin iştirakçısı Taron Tonoyan sözügedən məsələyə ilginc münasibət açıqlayıb. Onun Ermənistanın Faktİnfo saytına verdiyi açıqlamasına görə, hətta Ermənistanın prezidenti Armen Sarkisyan Nikol Paşinyanın istefasını tələb etsə də, buna sıfır reaksiya göstərilir.

“Analoji tələblə digər siyasi strukturlar da çıxışlar edirlər”, deyən Tonoyana görə Vladimir Putin erməni ictimaiyyətinə bir sıra eyhamlar vurur: “Rusiya Federasiyasının prezidenti bizə düşünməyə imkan verir ki, sizin (Ermənistanın) rəhbərliklə münasibətləriniz, ilk növbədə, milli maraqlarınıza cavab vermir, özünüz öz liderinizi dəyişin”.

“Artıq Paşinyan Rusiya Federasiyasının prezidenti üçün ona sakit şəkildə tabe olan fiqurdur”, deyən Tonoyan həm də bildirib ki, regionda Türkiyə faktorunu da nəzərə alan Rusiyaya zəif Ermənistan lazım deyil və Paşinyan hazırda ona sərf edir.

Göründüyü kimi, Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanın hakimiyyətini saxlaması üçün atdığı müəyyən addımlar həm də onu sübut edir ki, erməni baş nazir onu hakimiyyətə gətirməyə müyəssər olmuş Sorosun dəstəyindən imtina da etməyə hazırdır. Ancaq bunun da fəsadları mümkündür. Məsələn, Soros Ermənistanda yeni inqilab ssenarisi yarada və Paşinyanı digəri ilə əvəzləyə bilər.

Ancaq fakt budur ki, artıq oyunun qaydaları dəyişir və belə desək, Paşinyan devrilərsə belə, hakimiyyətə gələn hər hansı bir “x” adam Qarabağ müharibəsində uzun müddət susqun qalan Rusiyaya qarşı siyasətini davam etdirəcək. Hər halda proseslər də buna doğru inkişaf edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...