"Ölkəmizin nüfuzu və gücü daha da artacaq" ÖZƏL-MÜNASİBƏT

"Ötən gün rəşadətli Azərbaycan ordusu 27 illik həsrətdən sonra Laçın rayonuna daxil oldu. Ağdam və Kəlbəcərin ardınca Laçın da işğaldan azad olundu. Baxmayaraq ki, Ermənistan bu rayonda uzun illərdir məskunlaşdırma siyasəti həyata keçirir, Laçın rayonunu boşaltmaq istəmirdi. Azərbaycan həm hərb meydanında, həm də danışıqlar masasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəsini təmin etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün dövlətçilik tarixi, 30, 50 il olan ölkələr var ki, dövlət və ordu qura bilməyiblər: "Azərbaycan isə qısa müddətdə həm güclü dövlət, həm də güclü ordu qurdu. Bu gün ətrafımızda bir çox həll olunmamış münaqişələr var. Dağlıq Qarabağın işğaldan azad olunması çox böyük hadisədir. Zaman keçdikcə əhəmiyyəti daha dərindən anlaşılacaq.

Bu gün Azərbaycan tarixinin ən şanlı və şərəfli günlərindən birini yaşayır. Azərbaycan tarixin heç bir dönəmində bu qədər müstəqil və güclü olmamışdı. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordusu sırasındadır. Müharibədən sonra da daha da irəliləyəcək. Ölkəmizin nüfuzu və gücü daha da artacaq. Münaqişənin həlli bölgədə yeni siyasi reallıqla yanaşı yeni iqtisadi reallıq da yaradacaq. Azərbaycanı regionun lider ölkələrindən birinə çevirəcək. Budur Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasət, yaratdığı reallıq.

Ermənistan həyata keçirdiyi təcavüzkar siyasətə görə bütün regonal layihələrdən kənarda qalıb, iqtisadi tənəzzülə məruz qalıb. Baş verənlərin bütün günahkar və səbəbkarı Ermənistan özüdür. Zamanında Azərbaycanın gücü ilə hesablaşsa və təkliflərini qəbul etsə idi belə olmazdı.

Laçın rayonu həm də Azərbaycanın tarixi abidələrlə zəngin bölgələrindən biridir. Düşmən burada da tarixi abidələrimizi saxtalaşdırmış, bir qismini dağıtmışdır. Eyni zamanda, sonradan burada məskunlaşan əhali çıxdıqları evləri yandırmış, öz vəhşi xüsusiyyətlərini bir daha nümayiş etdirmişlər.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan bu rayonları da qısa zamanda bərpa edəcək, burada da həyat öz axarına qayıdacaq. Evlərdən sevinc səsləri gələcək. Dağlıq Qarabağın işğaldan azad olunması, ölkəmizin iqtisadiyyatının, kənd təsərüfatının, turizmin inkişafına öz ciddi töhfəsini verəcək. Azərbaycan daha da inkişaf edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...