"Qələbəmizin qazanılmasında milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu var" MÜSAHİBƏ

SİA YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Cavid müəllim, bu gün Azərbaycan cəmiyyətində möhtəşəm qələbə əhval-ruhiyyəsi hökm sürür. Bu barədə sizin düşüncələrinizi bilmək istərdik...

-Vətən müaharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Bu müqəddəs mübarizədə canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Qeyd edim ki, Azərbaycan sentyabrın 27-də başlamış əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu, Vətən müharibəsi bizim böyük zəfərimizlə başa çatdı. Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə daha 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında bəyanatı imzalasın. Hesab edirəm ki, bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana maksimum sərf edən sənəddir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunlarının çıxarılması barədə öhdəliklər götürüb.Artıq noyabrın 20-də Ağdam rayonu boşaldılıb, bu torpaqda Azərbaycan bayrağı dalğalanır. Yaxın günlərdə isə Kəlbəcər və Laçın rayonları da işğaldan dinc yolla azad ediləcək.

Beləliklə, məcburi köçkün olan insanlarımızın 30 illik həsrətinə son qoyulur, onlar öz doğma torpaqlarına qayıdacaqlar. Təkçə onlar yox, Dağlıq Qarabağ ərazisindən məcburi köçkün olan vətəndaşlarımızın da doğma yurdlarına qayıtmaları təmin olunacaq. Vacib bir məqam da ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bu o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa edilir.
İmzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət kəsb edir. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Bu o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bununla da, başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.

Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə, qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır.

-Vətən müharibəsində qazanılan qələbədə ölkəmizdə mövcud olan milli birlik və cəmiyyətimizdəki ruh yüksəkliyinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, 44 günlük müharibədə cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı diplomatik cəbhədə də üstünlüyə sahib olduq. Hazırda diplomatiya sahəsində də davamlı olaraq nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Torpaqlarımızı hərbi yolla azad edərkən, məhz bu tipli diplomatik uğurlara da istinad edirdik.
Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənmişdi. Yaşından asılı olmayaraq minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi.

Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları da həmrəylik nümayiş etdirərək ölkə Prezidenti, Ali Baş Komandanı birmənalı şəkildə dəstəklədiklərini bəyan etdilər. Bütövlükdə, qazanılan qələbəmizdə milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu var.

-Ermənistanın havadarlarından olan Fransa Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini, qazandığı qələbəni həzm edə bilmir. Buna münasibətiniz necədir?

-Bilirisiniz ki, Fransa ermənilərin çoxluq təşkil etdiyi ölkələrədən biridir. Hətta erməni lobbisinin Fransada dövlət strukturlarına və hakimiyyətin müxtəlif nümayəndələrinə belə təsir etmək imkanlarının olması bəlli bir məsələdir.

Bütün beynəlxalq sənədlərdə təsdiq olunur ki, Qarabağ əzəli Azərbaycan ərazisidir və dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Fransanın müəyyən rəsmi dairələrindən isə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə təhdid xarakteri daşıyan sərsəm fikirlərin səsləndirilməsi, sadəcə, təəssüf doğurur.

Aydın məsələdir ki, bu, Fransada yaşayan ermənilərin və ölkədə mövcud olan erməni lobbisinin əməlləridir. Paris meriyasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşması ilə bağlı merin fikirləri Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur. Eyni zamanda, Fransa Senatının dab u məsələ ilə bağlı sənədin müzakirəyə çıxaracağı haqda xəbərlər var. Bu addımlar, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə ziddir.

44 günlük Vətən müharibəsi ərzində də biz Fransanın mövqeyini, daha doğrusu, işğalçı Ermənistanı müdafiə etmək maraqlarının olduğunu gördük. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və həmsədr olan ölkələrin tərəfkeşlik etmək cəhdləri onların mandatlarına ziddir. Bütün bu hallar Fransada olan erməni lobbisinin Fransa hökumətinə olan təsirindən irəli gəlir. Lakin bu kimi cəhdlər tamamilə mənasızdır, Azərbaycan üçün heç nə dəyişən deyil. Sadəcə, Fransa rəsmilərinin bu cür fikirlər səsləndirməsi, ilk növbədə, bu ölkənin öz nüfuzuna xələl gətirmiş olur. Çünki Qarabağda olan separatçı rejim bir terror təşkilatıdır və Ermənistanın 30 il öncə işğal etdiyi torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərməyə çalışırdılar.

Fransa tərəfi anlamalıdır ki, həmin separatçı rejimi heç Ermənistanın özü tanıya bilməyib. Çünki bu, beynəlxalq hüquqa zidd bir məsələdir və əksi Ermənistan üçün çox ağır nəticələrlə başa gələ bilərdi. Əgər Fransa Senatı qondarma “DQR”-i tanıyarsa, bu ölkənin Minsk qrupunun həmsədrliyində qalması yolverilməzdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə