Azərbaycanın bu addımı beynəlxalq hüquqda tam yeni presedent kimi təzahür edir - ŞƏRH ÖZƏL

"Azərbaycan Prezidenti münaqişəyə dair 1993-cü il BMT qətnamələrini tək dövlətin gücü ilə icra etməklə beynəlxalq hüquq üçün presedent yaratdı. Azərbaycanın Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlanmış uğurlu əməliyyatları beynəlxalq hüquq normaları üçün yeni mənbə sayıla bilən yeni reallıq yaradıb. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq normalarının tətbiqi tarixində hələ belə hal olmamışdı ki, BMT Təhlükəsizlik Şurasının konkret ünvanlı qətnaməsi və ya qətnamələri bir dövlətin gücü ilə icra olunsun. Xüsusilə TŞ-nin qətnamələri bir qayda olaraq kollektiv və ya qrup icraatı formasında həyata keçirilir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekpertin fikrincə, Azərbaycan BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq Dağlıq Qarabağın ətrafındakı rayonların mütləq çoxunu Ermənistanın işğalından azad etməklə müasir beynəlxalq münasibətlərdə BMT TŞ qətnamələrinin kollektiv və ya qrup halında yox, fərdi qaydada icraat nümunəsini ortaya qoydu: "Sözsüz ki, Azərbaycanın bu hərəkəti beynəlxalq hüquqda tam yeni presedent kimi təzahür edir. Yəni Azərbaycanın bu nümunəsindən gələcəkdə başqa dövlətlərin də analoji vəziyyətlərdə bəhrələnməsi üçün əsaslar artıq yaranıb. Məsələn, BMT TŞ-nin Fələstin problemi ilə bağlı hələ də icra edilməmiş qətnamələri varsa, hələ də onlar kollektiv məcburetmə qüvvələri tərəfindən öz icrasını gözləyirsə və hələ də icra olunmursa , günlərin birində güclü dövlət halına gələn Fələstininin özünün onu icra etdirəcəyini ehtimal etmək olar. Bu ehtimalı başqa bir sıra analoji münaqişələrə də şamil etmək olar".

A.Quliyev vurğulayıb ki, Azərbaycanın edə bildiyi şey başqa dövlətlər tərəfindən nə üçün də edilə bilməsin?! "Ümumən hüququn funksiyalarından biri faydalı və mümkün olanı normativləşdirməkdən ibarətdir. Azərbaycan ordusunun və Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdığı yeni reallığın hüquqi presedent kimi rəsmən tanınmasına və bunun beynəlxalq hüquq normalarının yeni mənbəyi kimi qəbul edilməsinə təkzibolunmaz əsaslar var. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı qüvvələri Dağlıq Qarabağda TŞ qətnamələrini fərdi qaydada icra etməklə beynəlxalq hüquq presedenti yaratdı".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...