“Erməni təyyarələri Rostov-Don və Mineralnıye Vodı şəhərlərinə sıx uçuşlar edirlər” “Dialoq” nəşri

Erməni hərbi birləşmələrinin Qarabağ cəbhəsində sürətlə geriləməsi Rusiyanın İrəvana hərbi yardım göstərməsinə sövq edib. SİA xəbər verir ki, bu barədə Ukraynanın “Dialoq” nəşri yazır. Adıçəkilən nəşr qeyd edir ki, bunu sübut edən digər amil Ermənistana məxsus nəqliyyat daşıyıcılığı aviasiyasının Rusiya aerodromlarındakı sıx trafikləridir.

Bu arada, nəşrə danışan hərbi ekspertlər hesab edirlər ki, Moskva Qafqaza silah sistemləri ötürməyə səy göstərir və bu da Ermənistanın Azərbaycanın güclü və uğurlu hücumlarının qarşısını almaq üçün hesablanıb.

Başqa tərəfdən, “Flaytradar24” monitorinq servisi təyin edib ki, erməni nəqliyyat təyyarələri Rostov-Don və Mineralnıye Vodı şəhərlərinə sıx uçuşlar və enişlər edirlər.

“Prinsipcə, əvvəllər edilən ehtimallar reallığa çevrilir. Son bir neçə gündə Ermənistanın nəqliyyat aviasiyasının Rusiya aerodromlarına enişləri qeydə alınıb. Yüklərin xarakterləri fərziyyə və təxminləri ortaya qoyur”, deyə Ukraynanın “Dialoq” nəşri yazır.

Nəşr eyni zamanda bildirir ki, Ermənistana havadan müdafiə sistemləri hava və su kimi lazımdır, belə ki, yalnız bu yolla Qarabağda zirehli texnikaları və canlı qüvvəni məhv edən Azərbaycan aviasiyasına qarşı çıxmaq mümkündür.

Xatırladaq ki, ölkə mətbuatında da dəfələrlə bildirilib ki, Ermənistana humanitar yardımlar adı altında mülki və nəqliyyat təyyarələri vasitəsi ilə silahlar daşınır. Həmçinin bildirilib ki, Azərbaycan hökuməti rəsmi qaydada İKAO-ya – Beynəlxalq mülki aviasiya təşkilatına müraciət edib ki, adıçəkilən qurum Ermənistan hökuməti tərəfindən qeydə alınmış mülki təyyarələr vasitəsi ilə həmin ölkəyə silahlar daşınır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə