Ermənilərin Ermənistanı itirmək təhlükəsi var" Karen Şahnazarov

Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli əvəzinə Qarabağ müharibəsinin yenilənməsi Ermənistanın indiki rəhbərliyinin uğursuz siyasətinin nəticəsidir. SİA xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı erməni əsilli rusiyalı rejissor, “Mosfilm”in baş direktoru Karen Şahnazarov deyib.

Baş direktorun sözlərinə görə, erməni rəhbərliyinin hazırda Ermənistanı belə itirməmək üçün düşünməsi lazımdır. “İrəvanın hazırda heç bir xarici dəstəyi yoxdur. Etiraf etmək lazımdır ki, Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi indi “Ermənistanı necə itirməmək lazımdır” barəsində düşünməlidir. Bu, kifayət qədər çətin situasiyadır və təəssüf ki, erməni rəhbərliyinin düşüncəsiz fəaliyyətinin nəticəsidir. İstəsən də, istəməsən də Azərbaycanın ərazi bütövlüyünü tanımaq və erməni əhalinin bu regionda təhlükəsiz yaşayışına zəmanət verəcək imkanı axtarmaq lazımdır. Başqa yol yoxdur”, deyə erməni əsilli rusiyalı rejissor bildirib.

O vurğulayıb ki, Ermənistanın əbəs yerə ümidlər bəslədiyi Rusiya ciddi əsas olmadan konfliktə müdaxilə etməyəcək. “Rusiyanın indiki halda bu konfliktə müdaxiləsi üçün hüquqi əsası yoxdur. Rusiyanın bura qoşunlarını atması üçün hansı əsası var? Soyqırım təhdidimi? Onu heç kim tanımayacaq. Azərbaycan prezidenti çox diqqətli çıxış edir və deyir ki, rəsmi Bakı azərbaycanlılarla ermənilərin birgə yaşayışına zəmanət verəcək. Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Belə məsələlər güclə həll edilir. Əgər gücün varsa, Bakını tut, amma gücün yoxdursa, kompromis axtar. Güzəştə getmək lazımdır, anlamaq lazımdır ki, inadkarlıqla bu məsələni həll etmək olmaz”, deyə Karen Şahnazarov fikirlərini, etiraflarını gizlətməyib.

Rusiyalı rejissor Qərbdə Ermənistanı heç kimin müdafiə etməyəcəyini də söyləyib. O, hazırda Türkiyənin Qərbə Ermənistandan daha çox lazım olduğunu bildirib.

K.Şahnazarov hazırda Ermənistana yardım edən yeganə ölkənin İran olduğunu deyib. Bununla belə, o, İranda yaşayan çoxsaylı azərbaycanlı faktorunun nəzərə alınacağı təqdirdə bu münasibətin də dəyişəcəyini vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə