"Torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq" - Tural Gəncəliyev

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri kimi 100 minlərlə məcburi köçkün olan əhalinin timsalında onu qeyd etmək istəyirəm ki, biz şanlı ordumuzun işğalçı Ermənistana qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarını qürurla izləyirik. Əminəm ki, biz tezliklə öz bayrağımızı Xankəndi və Şuşaya sancacağıq. Çünki Xankəndi şəhərinin sakinlərinə söz vermişəm ki, biz növbəti görüşümüzü Xankəndi şəhərində keçirəcəyik”. Bunu SİA-ya açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, 30 ildir ki, artıq xalq olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsini gözlədik: “Təəssüflər olsun ki, dünya ictimaiyyəti ATƏT-in Minsk qrupunun həmsədrləri və xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini işğalçı Ermənistanı əməl etməyə məcbur edə bilmədilər. 30 il artıq yetər! Biz öz torpaqlarımıza dönmək istəyirik, bunun vaxtı çoxdan yetişib. Hesab edirəm ki, dünya ictimaiyyəti və bütün beynəlxalq təşkilatlar çox gözəl başa düşür ki, Azərbaycan öz torpaqlarında hərbi əməliyyat aparır və öz torpaqlarını qanunsuz ünsürlərdən təmizləməklə məşğuldur”.

T.Gəncəliyev vurğulayıb ki, Azərbaycan Respublikasının tam hüququ var ki, BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğuna olaraq işğala məruz qalan bir ölkə kimi öz torpaqlarında hərbi əməliyyatlar aparmaqla düşmənin qoşunlarını çıxarsın: “Biz torpaqlarımızın son santimetri işğaldan azad olunmayana qədər dayanmayacağıq. Şanlı ordumuzun gücü və Ali Baş Komandanımızın iradəsi ilə bu məsələni tam bitirəcəyik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə