İranın anlaşılmaz “qonşuluq siyasəti” yoxsa... ANALİTİK

İşğalçı Ermənistanın nəfəs borusu?

Ermənistanın işğalçılıq siyasəti və bu siyasət fonunda artıq 30 ildir ki, azərbaycanlıları qətlə yetirməsi, hərbi təcavüzünü davam etdirməsi nəticə etibarı ilə Azərbaycanın səbrinin tükənməsi ilə başa çatdı. Çünki ötən 30 ildə aparılan sülh danışıqlarının istənilən nəticəni verməməsi, Ermənistanın hər vəchlə bu prosesdən yayınması, üstəlik, əlavə ərazilərimizə qarşı da iddialar irəli sürməklə təhdid dilində danışmaq cəhdlərinin bir sonu, yaxud düşmənin birdəfəlik susdurulması üçün son nöqtəyə gəlinməli idi və gəlinir də. Amma...

Amma müharibə amilindən bəhs edərkən, daha bir fakt budur ki, istənilən müharibə aparan ölkələrin sərhədlərində qonşu dövlətlər də olur və bu dövlətlər ya münaqişənin dayandırılması üçün səylər göstərir, ya da qeyri-rəsmi (!) silahlandırma və s. kimi məsələlərdə neytral mövqeyini qoruyur, qonşuluq prinsipinə sadiqliyini nümayiş etdirir.

Maraqlıdır, müsəlman İran bunlardan bixəbərdirmi?

Təəssüf ki, müsəlman Azərbaycan digər müsəlman ölkəsi, rəsmi dövlət quruluşu islamçılıq üzərində qurulan İran tərəfindən bu münasibəti görmür. Halbuki, məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımızda azərbaycanlılar qətlə yetirilir, ailələr başsız, uşaqlar yetim qalır, körpələrin, qadınların, qocaların həyatları yarımçıq kəsilir, ömürlərinə son qoyulur, məscidlərimiz yandırılır, dağıdılır, ya da donuzçuluq fermalarına çevrilir, üstəlik əsrlərdən bəri mövcud olan müqəddəs ocaqlarımız, pirlərimiz, qəbirlərimiz təhqirlərə məruz qalırlar.

Maraqlıdır, müsəlman İran bunlardan bixəbərdirmi? Yaxud bixəbər deyilsə, nəyə görə müsəlmançılıq təəssübkeşliyindən çıxış etməyərək ermənilərin vəhşiliklərinə, vandallıqlarına qarşı etiraz səsini ucaltmır? Məgər İran da İslam Əməkdaşlığı Təşkilatının üzvü olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar, işğalçılıq siyasətini pisləyən qətnaməyə imza atmayıbmı? Atıbsa, hansı səbəbdən digər müsəlman ölkələrindən fərqli olaraq ya gizli, ya da açıq şəkildə Ermənistana bu və ya digər şəkildə yardımlar göstərir? Axı açıq desək, müsəlman Azərbaycan xristian Ermənistanla müharibə aparır və illərdən bəridir ki, məhz işğalçılıq siyasətinə görə regional və beynəlxalq iqtisadi və s. layihələrdən kənarda qalan Ermənistana nəfəs borusu rolunu oynamaq İran üçün bu qədərmi maraqlıdır? Maraqlıdırsa, bunun da səbəblərini izah etsin. Təəssüf ki, nə izah var, nə də dürüst yanaşma, özü də “qonşuluq siyasəti prisnipləri” fonunda..!

Azərbaycan İrana qarşı atılacaq hər hansı addıma qarşı daim qəti mövqeyini ortaya qoyub

Yeri gəlmişkən, xatırlatmaq olar ki, ABŞ-İran münasibətlərində Azərbaycan dövləti daim həmin prinsiplərə sadiqliyini nümayiş etdirib və hətta amerikalıların israrlarına baxmayaraq, İrana qarşı atılacaq hər hansı addıma qarşı qəti mövqeyini ortaya qoyub. Məsələn, Azərbaycan hava məkanı üzərindən amerikalıların hərbi məqsədli planlarının icrasına imkan verməyib. Çünki ilk öncə, qonşuluq siyasəti prizması ilə yanaşı, İranın həm də müsəlman dövlət olduğunu nəzərə alan Azərbaycan həmin amilə heç vaxt xəyanət etməyib.

Bəs biz nəyi müşahidə edirik? Azərbaycanla müharibə aparan və beynəlxalq aləmdən heç bir siyasi dəstək almayan, bu vasitə ilə yanlış mövqedə olduğu isbatlanan işğalçı Ermənistana hərbi məqsədli yüklərin göndərilməsini, habelə müxtəlif xarici KİV-lərdən sızan informasiyalardan da öyrəndiyimiz kimi, Yaxın Şərq ölkələrindən PKK və s. terrorçuların İran ərazisindən işğalçı ölkəyə göndərilmələrini. Budurmu münaqişə müddətində “mehriban qonşuluq siyasəti” yürüdən İranın əsl məqsədi? Budurmu bir müsəlman ölkəsinin “atəşkəsin əldə olunması üçün vasitəçilik təklifinin” pərdəarxası məqamı?

İranın bir sıra ticari, tikinti və s. şirkətləri işğal müddəti boyunca qondarma “dqr”də biznes imkanlarını artırır, qondarma rejimin rəhbərliyi ilə iş birliklərinə gedir, üstəlik turizm imkanlarından da yararlanır

Bugünlərdə İran tərəfi rəsmi şəkildə bəyan etdi ki, öz ərazisindən işğalçı Ermənistana sərf edəcək hər hansı istifadəyə yol verilməyib. Amma sosial şəbəkələrdən, müxtəlif teleqram kanallardan yayılan danılmaz kadrlar tamamilə başqa mənzərəni ortaya qoydu. Məlum oldu ki, İrandan Ermənistana qatar-qatar hərbi məqsədli yük maşınları yola çıxır və həmin yük maşınlarındakı silah-sursatlar məhz müsəlman azərbaycanlıların (istər dinc əhali olsun, istərsə də hərbçilərimiz) öldürülməsi, məzarlarımızın dağıdılması üçün nəzərdə tutulub. İran bu vasitə ilə sübut edib ki, onun üçün müsəlman qanının tökülməsi sadəcə havadır, boş məsələdir. Əcəba, onda bu ölkə hansı məramla özünü “İslam dövləti” adlandırır? Biz hələ də bu sualın cavabını tapa bilmirik. Amma cavabı tapılan suallarımız da var və illərdir ki, yazılır, deyilir... İranın bir sıra ticari, tikinti və s. şirkətləri işğal müddəti boyunca qondarma “dqr”də biznes imkanlarını artırır, qondarma rejimin rəhbərliyi ilə iş birliklərinə gedir, üstəlik, turizm imkanlarından da yararlanır. Bəs bunlara hansı cavablar veriləcək? Yenədəmi “mehriban qonşuluq prinsipinə sadiqlik” bəyanatlarıylamı?

Tovuz hadisələrindən əvvəl müxtəlif gizli yollarla Ermənistana daşınan silahlar Gürcüstan ərazisindən buraxılmadı

Artıq dünyanın siyasi arealında böyük dəyişikliklər baş verir və Azərbaycanın regional gücdən beynəlxalq gücə çevrilməsi prosesi də bu dəyişikliklərin tərkib hissəsidir. Azərbaycan bütün bunlarla yanaşı, həm də siyasi diplomatiyası ilə mühüm qalibiyyətlə əldə edir və beynəlxalq sferada öz ali prinsiplərini qoruyub-saxlayır, inkişaf etdirir. Onlardan biri də həmsərhəd olduğu ölkələrlə mehriban qonşuluq siyasəti qurmasıdır. Məsələn, buna misal olaraq, qonşu və dost Gürcüstanı da göstərə bilərik. Halbuki, hələ iyulda baş vermiş Tovuz hadisələrindən əvvəl müxtəlif gizli yollarla Ermənistana daşınan silahlar Gürcüstan ərazisindən buraxılmadı və gürcü tərəfi qətiyyətlə bəyan etdi ki, belə addım ilk növbədə qonşuluq siyasətinə ziddir və xəyanətdir.

Yaxud, bügünlərdə Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan və həmin bölgəni həyasızcasına “kiçik Ermənistan” adlandıran yerli ermənilər Ermənistana keçmək üçün gürcü sərhədçiləri ilə toqquşdular və Gürcüstan tərəfi onların keçməsinə izn vermədi. Bu faktor kiçik mahiyyət daşısa da, əslində, özündə bir sıra mühüm məsələləri ehtiva edir.

Beləliklə, İran tərəfinin Ermənistana silahlı-sursatlı yük maşınları göndərməsi faktı artıq ciddi siqnaldır və bu məsələyə rəsmi açıqlama verilməlidir. Çünki işğalçı Ermənistanı, eləcə də “dqr”i illərdir ki, enerji, qida və s. məsələlərdə təmin edən İran tərəfinin bu dəfə silahla da dəstək göstərməsi istər Azərbaycan xalqına, istərsə də dünyanın müsəlman ictimaiyyətinə açıqlanmalı, izahat verilməlidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...