İnformasiya müharibəsində necə qalib gələ bilərik?

İnformasiya və təbliğat müharibəsində ermənilərə uduzmağımızın fundamental səbəbləri

İnformasiya müharibəsinin döyüş meydanındakı müharibə qədər vacib olduğunu xatırlatmağa ehtiyac yoxdur- informasiya əsrində bu hər kəsə məlum həqiqətdir. Hazırda bütün dünyada, bütün ölkələrdə informasiya və təbliğat müharibəsi ilə məğşul olan elmi institutlar, xüsusi mərkəzlər var. Onların fəaliyyətinin hansı nəticələr veridyini biz dünyada baş verən hadisələrdən, gedən proseslərdən aydın görürük.

Döyüş meydanından əvvəl masada qalib gəlmək

Əksər problemlər, açıq döyüş meydanlarında yox, örtülü salonda, diplomatik yollarla və ya digər siyasi üsullarla həll olunur. Bu, bir növ böyük şahmat taxtasına oxşayır, daha ağıllı olan qalib gəlir. Bu döyüşdə əsas silah isə informasiyadır, təbliğat üsullarıdır. Bu silahdan çox peşəkar şəkildə istifadə edən dövlətlər, təşkilatlar çoxdur.
Bəs biz bu silahdan necə istifadə edirik? Bu sahədə əlimizdə hansı imkanlar var, onları necə tətbiq edirik, hansı effekti alırıq, daha nə edə bilərik? Bu suallara cavab verməyə çalışacağıq.

Sirr deyil ki, hələlik informasiya müharibəsində ermənilərə uduzuruq. Qarabağ problemi ilə bağlı dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin çoxu onları müdafiə edir.

Bilirikmi niyə? Əlbəttə bilirik! İnformasiya müharibəsini təkcə dövlət aparmır, həm də ictimaiyyət, təşkilatlar, fərdlər aparır. İnsafən qeyd etməliyik ki, dövlət bu istiqamətdə əlindən gələni edir, beynəlxalq tribunalarda, siyasi və diplomatik arenalarda, dünya mediasında Azərbaycan həqiqətlərini, Ermənistanın təcavüzünü və təxribatlarını faktlarla ortaya qoyur. Bu istiqamətdə xeyli enerji və vaxt sərf olunur, külli miqdarda vəsait xərclənir. Lakin gəlin görək biz xalq olaraq, vətəndaş olaraq bu müharibədə dövlətimizə hansı səviyyədə dəstək verə bilirik.

Nala-mıxa döymədən qısaca qeyd edim ki, dəstək vermirik, əlbəttə, azsaylı istisnaları nəzərə almasaq. Biz hələ sosial şəbəkələrin ölkə seqmentində bir-birimizi "qırmaqla" məşğuluq. Başımız daxili siyasi mübarizələrə, şou kampaniyalara, ideoloji mübahisələrə qarışıb. Ermənilərdə isə, xalq, ictimaiyyət bu sahədə dövlətdən daha çox iş görür. Dünyanın istənilən ölkəsində yaşayan erməni vaxtını, enerjisini, pulunu sərf edərək informasiya və əks-təbliğat kampaniyasına öz töhfəsini verir. Nəticə də ortadadır…

Biz erməni təbliğatına qarşı nə edirik?

Biz də bu işi ən azı düşmənimiz qədər etməliyik. Hər kəs bu işlə az və ya çox, imkan daxilində məşğul olmalıdır, buna görə də, feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etmək Vətən üçün həqiqi xidmət olardı.
Az-az bu mübarizəni aparmağa cəhd edənlərin isə savad və dünyagörüşü, məlumat bazası yetərli deyil. Ona görə də, müzakirələrdə zəif hala düşürük. Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar. Yutub, Kontakt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələri izləyəndə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir. Bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Rast gəldiyim bütün müzakirələrdə erməni fəallar iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.

Burada təkcə savad, dünyagörüş rol oynamır, həm də peşəkar üsulların böyük təsiri var. Məsələn, bir çox ermənilər sosial şəbəkələrdə, ingilis, fransız, alman, rus və xaqlara məxsus adlarla yazırlar ki, görənlər də düşünür ki, bütün xalqlar erməniləri dəstəkləyir. Başqa üsullar da var, lakin bunlar bizim "şoumenlərin" ağlına gəlməz.

Bizim Feysbuk seqmentinə baxanda adamın əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, sanki bununla demək istəyir ki, bizim dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Halbuki tam əksinədir, biz hər sahədə Ermənistandan dəfələrlə güclüyük. Sadəcə, bunu yazan gənc, ölkəyə əslində, zərər vurduğunun fərqində də deyil.

Biri dezo yaymaqla məşğul olur ki, ermənilər bizi filan qədər əsgərimizi öldürüb, biri yazır neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və ya məqsədli provakasiyadan necə lazımdı bəhrələnirlər.

Dövlətimiz informasiya müharibəsində nə iş görür?

Dövlətimiz infomasiya və təbliğat müharibəsində bütün mümkün üsullardan istifadə edir, bu sahədə gərgin iş aparır. Diaspor təşkilatlarına da dövlət xeyli vəsait ayrır. Lakin nədənsə biz adekvat nəticə görmürük. Bizim diapsor təşkilatları sayca və imkanlar cəhətdən ermənilərinkindən daha böyükdür. Üstəlik, maliyyə məsələlərində də onlardan xeyli üstünük. Lakin necə olursa, ermənilər dəfələrlə zəif imkanlarla bu işdə bizdən daha üstün fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, Ermənistan dövləti diaspor fəaliyyəti üçün pul ayırmır, lakin Azərbaycan bu iş üçün böyük vəsaitlər ayırır, o zaman bu müqayisə daha ağır forma alır.

Əgər, məsələn, Xocalı təbliğatı üçün aksiya keçirilməsi nəzərdə tutulan bir Avropa ölkəsində 14 diaspor təşkilatı və Azərbaycan cəmiyyətindən cəmi 13 nəfər iştirak edirsə, artq nəsə deməyə ehtiyac yoxdur. Nəticədə, biz bu sahədə məğlub vəziyyətə düşürük. Ona görə də, dövlətin bu istiqamətdə ayırdığı pullar üzərində çox ciddi nəzarət olmalı, onların diaspor təşkilatları tərəfindən hansı məqsədlərə xərcləndiyi, hansı effekt verdiyi araşdırılmalıdır.

Hər il dövlət fondlarından bu istiqamətdə layihələr üçün milyonlarla pul ayrılır. Əminəm ki, bu pulların da çox böyük hissəsi boşa gedir, yəni heç bir fayda vermir. Bir də görürsən, bir QHT dövlət fondlarından qrant alıb ki, bəs xarici ölkələrdə Azərbaycan həqiqətlərini, Qarabağ problemini təbliğ edəcəm. Gedir Türkiyədə beş-on nüsxə kitab, buklet və s çap edirlər, beş-on dost-tanışı bir otağa yığıb foto çəkdirirlər ki, bəs xaricdə tədbir keçirib, kitab buraxıb təbliğat aparmışıq. Maliyyənin çoxunu da, necə deyərlər, "basıb yeyirlər".

A kişi, əvvəla təbliğatı Türkiyədə yox, əsasən fövqəldövlətlərdə, Amerikada, Rusiyada, Çində, Avropada aparmaq lazımdır. Türkiyədə bilirlər məsələ nədir, nəmənədir. İkincisi də, beş-on kitab, buklet çap etməklə, beş-on nəfərlə tədbir keçirməklə təbliğat olmur, kimdi sənin kitabını oxuyan, tədbirinə gələn?

Üçüncüsü də, buraxdığın kitablar türkcə yox, ingilis, rus, fransız, ispan, ərəb, çin kimi beynəlxalq dillərdə olmalıdır. Kitab çap etmisənsə, bu kitablar böyük dövlətlərdə yerləşən kitabxanalara, elmi mərkəzlərə, siyasi institutlara, universitetlərə paylanmalıdır.

Ümumiyyətlə, informasiya və təbliğat müharibəsinin saysız üsulları var, qurtarın bu şablon üsullardan. Yeni, innovativ texnologiyalar tətbiq edin, müasir texnologiyaların imkanlarından istifadə edin, bir az yaradıcı olun.

Biz neyləyə bilərik…

Məsələn, mənasız layihələrə ayrılan pullarla dünyada tanınmış telekanallarda, radiolarda, qəzet və jurnallarda kiçik bir materialın yayımlanması 100 dəfə, 1000 dəfə daha effektlidir. Və ya on milyonlarla üzvü olan xarici sosial şəbəkə səhifələrində də bunu etmək olar.

O ölkələrdə intellektual yarış və müsabiqələr təşkil etmək, küçə və meydanlarda mədəni tədbirlər, məsələn, musiqi axşamları, rəsm sərgisi təşkil etmək dəfələrlə daha effektli olar. Hamısını mən deməli deyiləm ki, bir az da özünüz fikirləşin.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması artırılmalıdır. Ermənilərdə olduğu kimi, bizim həmin ölkələrdə yaşayan, işləyən imkanlı biznesmenlər də Azərbaycan cəmiyyətlərinə, diaspor təşkilatlarına maliyyə dəstəyi verməlidirlər.

Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.

Dediyim odur ki, əgər biz bu müharibədə qalib gəlmək istəyiriksə onu elliklə aparmalıyıq. Hər şeyi dövlətdən gözləməklə olmur. Dövlətin sehirli çubuğu yoxdur ki, fırlatsın və bütün məsələlər həllini tapsın. Burada bizim xalq, cəmiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. Özümüzə sual verməliyik- bu müharibədə qalib gəlmək üçün biz şəxsən nə edirik, hansı fəaliyyət göstəririk.

Soruşa bilərsiniz ki, bizə ağıl verməklə deyil, bəs özün nə edirsən. Çox az da olsa, nəsə etməyə çalışıram. Məsələn, sosial şəbəkələrdə 2 dildə təbliğat aparıram, informasiyalar yayıram, müzakirələrdə erməniləri faktlarla, sənədlərlə susdurmağa çalışıram, beynəlxalq ictimaiyyətdə ölkəmiz, xalqımız haqda müsbət rəy yaratmağa çalışıram. Gücüm buna çatır. Hər birimiz gücümüz çatanı etsək, biz hər sahədə qalib ola bilərik.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə