"Ödənişli məktəblərdə təhsilin keyfiyyətinin daha yaxşı olduğu bir faktdır" ÖZƏL-MÜNASİBƏT

“Bildiyiniz kimi, Dünya Bankı hər il İnsan Kapitalı İndeksi ( İKİ) ilə bağlı hesabat hazırlayır. İnsan kapitalı-insanların dövlət qayğısı nəticəsində əldə etdikləri biliklərin, təhsil hesabına qazanılan peşələrin, vərdişlərinin və sağlamlıqlarının məcmusudur. Məhz bunun nəticəsi olaraq, hər bir şəxs yaşadığı cəmiyyətin bir üzvü kimi öz potensialını reallaşdıra bilir”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, sübut olunub ki, təhsilə, insanların sağlamlığına daha çox kapital qoyulan dövlətlərdə həm iqtisadi vəziyyət, həm səhiyyə göstəriciləri, həm də sosial inkişaf yüksək olur: “İqtisadiyyatın artımı və sosial inkişaf, digər faktorlarla yanaşı, insan kapitalından da xeyli dərəcədə asılıdır. Builki hesabatda 103 ölkənin son 10 il ərzində insan kapitalı sahəsində təhlili aparılıb. Təqdim olunan sənəddə göstərildiyi kimi, ölkəmiz bu illər ərzində xeyli irəliləyişlərə nail olub. Azərbaycan monitorinq aparılan ölkələr arasında səhiyyə və təhsil sahəsində daha çox müsbət nəticələr əldə etmiş 10 ölkədən biridir. Ölkəmizin İnsan Kapitalı İndeksi 0,58-ə bərabərdir. Bu isə o deməkdir ki, vətənimizdə dünyaya gəlmiş uşağın böyüdüyü zaman optimal sağlamlığa və tam təhsilə malik bir yetkin insanın məhsuldarlığının 58 %-nə nail olacağı gözlənilir. Bu, gəlirləri orta və yuxarı olan bir çox ölkələrin göstəricisindən müəyyən qədər çoxdur.

Söz yox ki, bunlar qaneedici olsa da, vətəndaşlarımızın məhsuldarlığı baxımından inkişaf üçün potensialımız hələ çoxdur. Təhlillər göstərir ki, bu istiqamətdə daha ciddi işlər görülərsə, biz Şərqi Avropa ölkələri, məsələn, Polşa səviyyəsinə çata bilərik. Sözügedən ölkədə İKİ 0,75 -bərabərdir. Əgər insan inkişafının əsas hərəkətverici qüvvəsi olan səhiyyə və təhsilə investisiya qoyuluşunu daha da artırsaq və bu vəsaitlərin məqsədyönlü xərclənməsinə nail olsaq, yaxın illərdə ölkəmizin bu sahədə göstəriciləri xeyli yüksələ bilər.

Dünya Bankının hesabatında diqqət çəkən məsələlərdən biri də son 10 il ərzində Azərbaycanda uşaq ölümü və uşaqların inkişafdan geri qalması əmsallarının əhəmiyyətli dərəcədə azalmasıdır. Bu illər ərzində uşaqların təhsilə cəlb edilməsi məsələsində də xeyli irəliləyişlər əldə edilib. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, tədris prosesinin nəticələrində bərabərsizlik artmaqdadır. Diqqət yetirin, hesabatda göstərilir ki, Uyğunlaşdırılmış Təhsil Nəticələri üzrə göstəricilərə əsasən, ölkəmizdə imkanlı ailələrdən olan şagirdlərin əldə etdikləri nəticələr aztəminatlı ailələrdən olan uşaqların göstəricilərindən xeyli yüksəkdir. Bu isə o deməkdir ki, hələ də Azərbaycanda keyfiyyətli təhsil çoxları üçün əlçatmazdır. Özəl təhsil məktəblərində təhsil haqqlarının yüksək olması, əhalinin imkansız təbəqəsinin övladlarını həmin təhsil müəssisələrinə göndərməsi üçün ciddi bir maneədir. Ödənişli məktəblərdə təhsilin keyfiyyətinin daha yaxşı olduğu bir faktdır. Lakin o da bir faktdır ki, ölkəmizdə bu məsələləri tənzimləmək, yoluna qoymaq üçün xeyli işlər görülür. Əminəm ki, postpandemiya dönəmində bu məsələ yenə hökumətimiz üçün prioritet olacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə