Rusiyanın rus dilinin tədrisi ilə bağlı israrının arxasında nə dayanır? - ANALİZ
"Rusiyanın postsovet ölkələrində rus dilinin tədrisi ilə bağlı israrının arxasında geosiyasi və geoiqtisadi maraqları dayanır. Heç şübhəsiz ki, bu maraq MDB və ya postsovet ölkələrinə Rusiyanın təsir imkanlarının əvvəlki səviyyədə saxlanılması imkanlarının daha da gücləndirilməsi və ehtiyacları zərurətindən irəli gəlir. Aydın məsələdir ki, dilin coğrafiyası geniş, masştablı olduqca həmin dildə düşünən insanlarla ünsiyyət qurmaq, onların dünyagörüşünə, siyasi baxışlarına təsir göstərmək imkanları da yetərincə fərqli və güclü olur. Bu baxımdan, Rusiyanın MDB ölkələrində rus dilinin tədrisi ilə bağlı maraqlarının arxasında hansı amillərin durması da anlaşılan və Rusiyanın maraqları baxımından məqsədyönlüdür. Digər amil ondan ibarətdir ki, Rusiyanın bu ölkələrdə təsir imkanları təxminən 150-200 ildən çoxdur ki, mövcuddur. Həmçinin bu ölkələrdə perspektivdə Qərbin təsir dairəsinə keçməsinə heç bir vəchlə razılıq vermək istəmir. Təbii ki, rus dilində təhsil sistemləri bu ölkələrin siyasi elitasının formalaşması ilə bağlı proseslərə də təsirsiz ötüşmür". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bu baxımdan Rusiyanın postsovet ölkələrində rus dilinin tədrisi ilə bağlı məsələlərdə israrlı mövqeyi bu ölkələrlə əlaqədar Moskvanın geosiyasi və geoiqtisadi maraqlarından irəli gəlir: "Nəzərə almaq lazımdır ki, Rusiya bu ölkələrdə imkanlarını əldən verdikcə, onun postsovet məkanda təsir imkanları daha da məhdudlaşır. Perspektiv baxımından Qərbin hərbi-siyasi imkanlarını özündə ehtiva edən NATO-nun da bu istiqamətdə irəliləməsini müşahidə edirik. Söhbət NATO-nun Şərqə doğru genişlənməsindən gedir. Bu faktor yalnız Rusiyanın özünə aid olan məsələ deyil. Keçən əsrin 50-ci illərində Böyük Britaniya Hindistandan çıxsa da, bu gün də Hindistanın dövlət dili hindu və ingilis dilidir. 1960-cı ildə Evian sazişindən sonra Əlcazair müstəqilliyini elan etməsinə baxmayaraq, bu gün də Əlcazairin və ayrı-ayrı ərəb ölkələrinin dövlət dilləri yenə də fransız və ərəb dilləridir".
Politoloq bildirib ki, bu faktoru XX əsrin əvvəllərində və ikinci yarısında müstəqilliyini əldə etmiş ölkələrə aid etmək olar: "Yəni, bütövlükdə Milli Azadlıq Hərəkatı nəticəsində öz istiqlaliyyətlərini və suverenliklərini bərpa etmiş dövlətlər qısa zaman kəsiyində həmin ölkələrə müstəmləkə hakimiyyətindən miras qalmış amilləri aradan qaldırmaq iqtidarında olmurlar. Hesab edirəm ki, bu mənada rus dilinin qapanması və ya tədrisinin qanunvericilik zəmnində qadağan edilməsinə bu və ya digər ölkənin siyasi elitası deyil, xalqı münasibət bildirməlidir. Əgər bu məsələdə referendum keçirilsəydi, düşünürəm ki, kifayət qədər fərqli bir mənzərə yarana bilərdi".
E.Manafov vurğulayıb ki, Türkmənistanın rus dilində tədrisə qadağa qoyma istəyinə gəldikdə isə bu ölkə digər ölkələrlə müqayisədə özünün spesifik xarici siyasəti ilə fərqlənir: "Çünki Türkmənistan hər zaman bitərəf və neytral siyasət yeridəcəyini bəyan edib. Bundan əlavə, Türkmənistanın bitərəf siyasəti onun perspektiv etibarilə Asiyadakı qonşuları ilə münasibətləri daha da genişləndirməsindən irəli gəlir. Söhbət Türkmənistanın Çin və Hindistan bazarına yaxın olmasından gedir. Bu bazarlarla bağlı Türkmənistanın maraqları rus dilindən daha çox, orada ingilis, çin və digər dillərin öyrənilməsini də vacib sayır. Onu da nəzərə almaq lazımdır ki, rus dili həm də BMT tribunasından danışıla biləcək 5 mövcud dildən biridir. Beynəlxalq masştablarda öz təsir imkanlarını saxlayan bir dildir. Bu baxımdan, Türkmənistanın ardınca ayrı-ayrı MDB ölkələrində də bu kimi qərarların qəbul ediləcəyi istisna edilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə