“Hökumətin atdığı addımları anlayışla qarşılamalıyıq” ÖZƏL-ŞƏRH

Əlbəttə, Azərbaycan dövləti, biz təkrar-təkrar demişik ki, bu pandemiya başlayandan, ümumiyyətlə bu xəstəlik, virus barədə məlumatlar ortaya çıxandan daha çox önləyici tədbirlərə üstünlük verib. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, oturub gözlənilməyib ki, insanlar yoluxsun, bu yoluxma daha çox genişlənsin və ondan sonra qarşısını almaq üçün addımlar atılsın.

“Hələ fevral ayından Azərbaycan dövləti konkret addımlar atmağa başladı, mart ayından isə karantin məhdudlaşdırma tədbirləri tətbiq edilməyə başlanıldı. Əlbəttə, biz bunu anlayışla qarşılamalıyıq, çünki, dövlət bizdən daha çox informasiyaya sahibdir, dövlətin hadisələri proqnozlaşdırma imkanları hər bir vətəndaşdan daha çoxdur və istənilən halda dövlət vəziyyət haqqında hamımızdan və hər birimizdən daha çox məlumatlıdır. Məhz bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də çıxışlarında qeyd elədi ki, biz hər bir vətəndaşımızın sağlamlığı, həyatda qalması uğrunda mübarizə aparırıq. Əgər bunun üçün dövlətin vəsaitlərinə ehtiyac varsa, olarsa, təbii ki, Azərbaycan dövləti heç bir narahatlıq keçirmədən o vəsaitləri xərcləyəcək, təki insanlarımızın canı sağlam olsun. O baxımdan ölkədə hərəkət sərbəstliyi məhdudlaşdırıldı. Artıq aylardır ki, bu məhdudlaşdırma davam edir. Sonrakı mərhələdə bu məhdudlaşdırma, hərəkət sərbəstliyinin məhdudlaşdırılması bəzi bölgələrdə dayandırıldı, bir sıra bölgələrdə isə zərurət üzündən məhdudlaşdırma davam etdirildi. O cümlədən də ölkənin paytaxtı, əhalinin böyük hissəsinin toplaşdığı Bakı şəhəri ilə bölgələr arasında hərəkətin məhdudlaşdırılmasını qeyd edə bilərik. Yəni bu zərurətdən irəli gəlir. Heç də Azərbaycan hökuməti, Azərbaycan dövləti kefindən etmir bu məhdudlaşdırmanı. Əgər biz bu gün bütün yolları və bütün qapıları açıq insanların pandemiyadan öncəki kimi sərbəst gediş-gəlişinə şərait yaradarsaq, çox böyük bir fəlakətlə üz-üzə qalarıq. Yəni, xüsusən də yay ayları olduğunu nəzərə alıb deyə bilərik ki, az qala Bakının yarısı bu şəhəri tərk edəcək və biz nəzərə almalıyıq ki, koronavirusa yoluxanların 50 faizindən çoxu Bakının payına düşür. Bunlar aşkar edilmişlərdir. Belə ehtimal etmək olar ki, aşkar edilməmişlərin də sayı heç də az deyil. Həmin aşkar edilməmiş yoluxmuş şəxslər rayonlara, ayrı-ayrı bölgələrə sərbəst şəkildə səfər edə bilərlərsə, təbiidir ki, getdikləri yerdə öz qohum-qardaşlarını, dost-tanışlarını, ünsiyyətdə olduqları istənilən adamı yoluxdurub bu zəncirin daha da uzanmasına səbəb ola bilərlər. Ona görə də bu məhdudiyyətin hələ də davam etdirilməsi kimi ağlabatan, məntiqli bir qərar qəbul edilib.

Mən başa düşürəm, yay vaxtı, bu istidə Bakı şəhərində oturmaq, qalmaq, xüsusən də evdə oturmaq elə də asan deyil. Amma biz nəzərə almalıyıq ki, çıxış yolu yalnız budur. Yəni, alternativ çıxış yolu yoxdur. Bəzən deyirlər ki, İstanbula uçmaq olar, hansısa rayona getmək olmaz. İstanbula uçmazdan öncə insanlar gedib Covid-19 testindən keçirlər, neqativ nəticə aldıqdan sonra onlar təyyarəyə minib uçub gedə bilirlər. Uşub getdikdən sonra Bakıya geri qayıdarkən də gəlib burada 14 gün də karantində qalmağa razılaşırlar. Yəni, bunlar, bu gün getdim, səhər qayıtdım eləmirlər ki. Halbuki, rayonlara yollar açılarsa, insanlar bu gün gedəcək, sabah qayıdacaq, kim bilir, virusu haradan haraya daşıyacaqlar. Ona görə də mən düşünürəm ki, biz mümkün qədər təmkinli olmalıyıq. Hökumətin atdığı addımları dəstəkləməliyik, anlayışla qarşılamalıyıq. Üstəlik də dövlət vətəndaşların minimum tələbatlarının ödənilməsi üçün əlindən gələni eliyir. Eyni zamanda, bir çox dövlət qurumlarında işləyənlərin işə getmədən, evdə oturduğu yerdə əmək haqqı almasını təmin edir. Ona görə də düşünürəm ki, biz bir qədər də təmkinli olsaq, ümumiyyətlə bu bəladan birdəfəlik qurtula bilərik. Biz nəzərə almalıyıq ki, yumşalmalar başqa ölkələrdə də olub və o yumşalmalardan sonra yoluxmanın intensivləşməsi müşahidə edilib. Böyük Britaniya olsun, Amerika Birləşmiş Ştatları olsun, bunlar fəlakət həddindədir, Braziliya kimi bir ölkə fəlakət həddindədir. Yəni oralarda da yumşalmalar tətbiq edildikdən sonra bu baş verdi. Mən elə hesab edirəm ki, özümüz səhv edib nəyi isə öyrənməyək, başqalarının səhvlərinə baxıb özümüz üçün nəticə çıxaraq. Yəni, az itgi ilə bu mərhələni adlamağa çalışaq, növbəti mərhələdə əlbəttə ki, dövlətimiz sağ olsun ki, arxamızdadır və bizim yenidən belimizi dikəldib dirçəlməyimizə dövlətimiz yardımçı olacaq”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə