"Qlobal təhlükəyə qarşı qlobal mübarizə çağırışı" Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov

Bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyasının təhlükəsi dünya müharibələri ilə müqayisə olunur. Hadisələrin gedişi də göstərir ki, belə gərgin və narahat bir vaxtda özünütəcrid tədbirləri əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən zirvə görüşləri bu baxımdan dünyada nümunə göstərilir.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında BMT- nin Baş katibi tərəfindən çağrılmalıdır. Prezident İlham Əliyevin bu səlahiyyətdən istifadə edərək, bu il mayın 4- də Qoşulmama Hərəkatına üzv dövlətlərin təmas qrupunun videoformat şəklində keçirilən Zirvə görüşündə səsləndirdiyi pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük rezonansa səbəb olmuşdur. Artıq dünyanın 130- dan çox ölkəsi bu təklifi dəstəkləyir. Həmin dövlətlər sırasında Qoşul­mama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləri vardır. Qlobal təhdid mənbəyinə – COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı, destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur.

Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bu­nunla da Ermənistan dövləti iyrənc siyasətini ortaya qoymuş və dünya miqyasında özünü rüsvay etmiş­dir. Əslində, faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davra­nışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı və onun müttəfiqi kimi çıxış etdi. Eyni məntiqlə analiz etdikdə, Ermənistanın artıq 500 mindən artıq insanın pandemiyanın qurbanı olma­sında birbaşa olmasa da, dolayısı ilə məsuliyyəti yaranır. Ermənistanın bu antibəşəri davranışına postpan­demiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.

Bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir, Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var, ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və Təhlükəsizlik Şurasına sədrlik edib. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir.

Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin son təşəbbüsünə dünyanın məlum reak­siyası bir daha belə bir həqiqəti sübut etdi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun liderinin -- Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlı­dır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir. Bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsu­si cavabdehliyi olan dövlətlər, yəni BMT Təhlükəsizlik Şurasının daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı səylərin birləşdirilməsi məsuliyyətini üzərlərinə götürəcək və BMT Baş Məclisinin xü­susi sessiyasını çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir üzvü çıxış etmədi və dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti bu təşəbbüsü irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük və universal təşklatının Təhlükəsizlik Şurasına sədrlik etmiş Azərbaycan Respub­likası və onun rəhbəri cənab İlham Əliyev çıxış etdi. Əslində, möhtərəm Prezidentimiz bu unikal addımı ilə həm də BMT-nın zəifləyən nüfuzunun qaldırılması mənafeyinə xidmət edən bir davranış ortaya qoydu. Bu təşəbbüs Azərbaycan Prezidentini həm də dünyada qlobal baxışlı lider kimi tanıtdı.

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə