“Qarşılıqlı etimada dayanan əməkdaşlığın davamlı olması təqdirə layiqdir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın Asiya İnkişaf Bankı ilə güclü tərəfdaşlıq strategiyası ölkəyə investisiya cəlb olunmasına tövhə verəcək amildir”. Bunu SİA-ya müsahibəsində Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə ölkəmiz arasında formalaşan qarşılıqlı etimada dayanan əməkdaşlığın davamlı olması təqdirə layiq haldır.

“Ümumiyyətlə Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kreditlər və zəmanətlər ölkədəki infrastruktura, eləcə də investisiya yatırımlarına böyük tövhə verib. Yəni, qeyd etmək gərəkir ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi kimi region üçün olduqca əhəmiyyətli layihələrə maliyə dəstəyi verən beynəlxalq qurumdur. Hətta Cənub Qaz Dəhlizi layihəsinə ilk maliyyə dəstəyi verən bankdır da deyə bilərik.

Əslində 2015 ci ildə Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın simvolu oldu.

Bildiyimiz kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilmişdir. Konfransda bir çox məqamlara toxunuldu. Bankın prezidenti öz nitqində COVID-19 pandemiyasının yayıldığı bir dönəmdə, neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxta Azərbaycanın atdığı addımları tam şəkildə dəstəklədiyini ifadə etməsi müsbət haldır.

Düşünün, Azərbaycanla Asiya İnkişaf Bankının sıx əməkdaşlıq və tərəfdaşlıq prinsipləri 20 ildir davamlı olaraq öz missiyasını yerinə yetirir. Bu günə kimi Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Asiya İnkişaf Bankı ilə tərəfdaşlıq ölkədəki infrastruktura investisiya yatırımasına böyük tövhə vermişdir.

Ölkədə elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələri ilə yanaşı, Cənub Qaz Dəhlizi layihəsi və hətta 95 faizi tamamlanmış hesab edilən Trans-Adriatik boru kəməri layihəsinin reallaşması da, birmənalı olaraq Asiya İnkişaf Bankı ilə tərəfdaşlığın bəhrəsidir.

Cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, liderliyi və nüfuzu sayəsində beynəlxalq qurumlarla belə səmərəli münasibətlərin qurulması və davamlı əməkdaşlıq prinsipləri hər zaman ölkənizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcəkdir”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə