“Əli Kərimli siyasətçi deyil, siyasət dəllalıdır” RƏY-ÖZƏL

"Ə.Kərimli siyasətçi deyil, siyasət dəllalıdır". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, o və onun kimi tipdə siyasət meydanına özünü atanlar, ümumiyyətlə, nə xalq, nə dövlət, nə də milli mənafelər haqqında düşünür: “Daha dəqiq desək, bu barədə düşünməyə onlara macal vermirlər. Çünki siyasi dəllallıq da adi həyatdakı, yəni ticarət dünyasındakı dəllallığın bir formasıdır. Ticarət dəllallarına nəyi sifariş edirlərsə, onu da alıb başqasına satdıqları kimi, bunlara da nə sifariş olunursa onu alıb cəmiyyətə sırımağa çalışırlar. Bu mənada Əli, ya Cəmil, ya onlara bənzəyən digərləri kimlərdi ki, düşünə bilsinlər, atdıqları addımların dövlət və milli mənafelərə uyğun olub-olmadığını da hesaba alsınlar? Əli kimdi ki, ona verilən sifarişin yerinə yetirilməsinə etiraz etsin, ya da onu müzakirəyə çıxarsın? Bilirsiniz, mən Ə.Kərimlini və onun kimi digər siyasət dəllallarını yaxşı tanıyıram və inana bilmirəm ki, bu gün atdığı addımların onun və təmsil elədiyi siyasi təşkilatın olmayan nüfuzuna nə qədər zərbə vurduğunu başa düşməsin. Əli yaxşı bilir ki, indiki məqamda bütün xalqı bəşəri bəladan xilas yolları düşündürür. Və xalq aydın görür ki, ölkə başçısı, ölkənin digər qurumları pondemiyadan ən az zərərlə qurtulmaq üçün nələr edir! Bunu xalq da görür, beynəlxalq qurumlar da! BMT Baş Katibinin, ÜST-ün İcraçı Direktorunun, digər qurumların rəhbərlərinin Azərbaycanda koronovirusla mübarizə işində dövlətin gördüyü işlərə yüksək qiymət vermələri də bunu təsdiq edir. Belə olan halda, həm beynəlxalq aləmdə, həm də xalq arasında indiki hakimiyyətin, konkret olaraq Azərbaycan Respublikası Prezidentinin onsuz da yüksək olan nüfuzunun daha da artması xaricdəki anti-Azərbaycan qüvvələri narahat edir və yerlərdəki trollarını məhz bu nüfuza qarşı savaşa qalxmağa vadar edir”.

T.Novruzovun sözlərinə görə, aldıqları milyonlar qarşısında verilən tapşırıqları icra etmək üçün öhdəlik götürən həmin trollar da oxumağa mahnı, söz tapmayıb aman-aman eləyirlər: “Nə qədər ucuz, nə qədər düşük üsullardan istifadə etdiklərinin hamımız şahidləriyik və ona görə də onlar barədə danışmağa ehtiyac görmürəm. Hər bir ölkədə indiki durumda problemi olanlar da var, hətta bir sıra ölkələrdə acından ölənlər var. Virusa yaxalanmış insanlara tibbi müdaxilə ya gecikdirilir, ya da ümumiyyətlə edilmir. İnkişaf etmiş Avropa ölkələrində hansı durum yaşandığını hamımız görürük. Bütün bunların müqabilində Azərbaycanda vaxtında atılan qabaqlayıcı tədbirlər, hər bir mərhələdə dövlətin vaxtında atdığı addımlar, büdcədən külli miqdarda vəsaitin ayrılması, az bir zaman içərisində Maska İstehsal müəssisəsinin. Yeni Klinikanın istifadəyə verilməsi...Və sairə, və ilaxira. Saymaqla bitməyən bütün bu addımları bu hakimiyyət, bu ölkənin rəhbəri atıb. Bunları görməzdən gəlib bir-iki məmurun səhlənkarlığı və ya gərginlik hesabına kimlərinsə problemini vaxtında həll edə bilməməsindən dərhal istifadə etmək, onu qabardıb dünyaya nümayiş etdirmək siyasətlə məşğul olan heç kəsə baş ucalığı gətirmir. Bunu onlar özləri də gözəl bilir. Sadəcə, əvvəldə dediyim kimi, onlar bu iyrənc oyunlarını davam etdirmək məcburiyyətindədirlər. Əks-təqdirdə onsuz da xalqın arxivə atdığı bu siyasət dəllallarından ağaları da əlini çəkər və nəticə onların daha böyük fəlakətlə üzləşməsinə gətirib çıxarar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...