"Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir" ÖZƏL-MÖVQE

"Ümumiyyətlə koronovirusa yoluxanların sayındakı artım əslində bizim qorxutmamalıdır əksinə sevindirməlidir. Çünki biz hələ bilmirik ki, ölkədə nə qədər insan bu infeksiyaya yoluxub". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Həmin yoluxmuşlar nə qədər tez aşkarlanarsa, bu problemin həllində çox ciddi fayda verə bilər. O baxımdan əgər hər keçən gün bizim müvafiq orqanlarımız bu yoluxanların sayının artması ilə müşayət olunan bir rəqəm səsləndirirsə, bu bizi sevindirməlidir. Yəni deməli adamlar ciddi işləyirlər və öz işlərinə məsuliyyətlə yanaşırlar. Onlar mümkün qədər çalışırlar ki, yoluxmuşları tez aşkarlasınlar və müalicə altına alsınlar. Əlbəttə ki, proqnozlarda da deyilirdi ki, bu pandemiya təkcə Azərbaycanda deyil, dünyada artan xətt üzrə davam edəcək. Bəlli bir mərhələdən sonra artıq yoluxanların sayının azalmasını müşahidə edəcəyik. Yəni bu baxımdan narahat olmağa əsla ehtiyac yoxdur. Əsas odur ki, dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Belə bir şəraitdə düşünürəm ki, sağlam insanların qorunması ümumiyyətlə, hətta yoluxanların belə sağlığının qorunması daha effektli bir şəkildə həyata keçirilə biləcək”-deyə, A.Həsrət fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə