Müxalifət dialoqda maraqlıdırmı? ANALİTİK

Yaxud, Koronavirus təhlükəsindən sonra siyasi düşərgədə nələr gözlənilir?

Dünyada koronavorus tüğyanının baş qaldırması ölkələrin daxili siyasi gündəmlərinə də müəyyən təsirlərini göstərir. Ancaq buna baxmayaraq, həyat davam edir və infeksiya təhlükəsi, eləcə də karantin rejimi başa çatdıqdan sonra hər şey necə deyərlər, öz yoluna qoyulacaq. Söz yox ki, mövcud vəziyyət müxalifət düşərgəsinə də öz təsirlərini göstərib. Radikal müxalifət düşərgəsinin “liderləri” ölkədə aparılan önləyici tədbirlərə və s. xalqın rifahına yönəlmiş addımlara barmaqrarası baxmaqla onsuz da öz daxillərindəki viruslarını açıq-aşkar sərgiləmiş olurlar. Ancaq onlardan fərqli olaraq, konsturktivlik yönündə fəaliyyət göstərən müxalifət partiyaları gələcək fəaliyyətlərinə ümidlə baxırlar, misal üçün iqtidarla dialoq mühitinin bərpasında maraqlı olduqlarını nümayiş etdirirlər. Çünki mövcud vəziyyətə qədər artıq həmin prosesə start verilmişdi...

AXP sədri Pənah Hüseyn: “Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar”

Məsələn, AXP sədri Pənah Hüseyn mətbuata açıqlamasında deyib ki, başlanan prosesə koronovirusla bağlı qoyulan yasaqlar istər-istəməz öz təsirini göstərib. “Siyasi partiyalar da fəaliyyətlərində müəyyən məhdudiyyətlər qoyublar. Eyni zamanda “evdə qal” çağırışlarına əməl edilir”, deyən AXP sədri bildirib ki, məhz bu səbəblərdən karantin dövründə iqtidar təmsilçiləri ilə müxalifət yönümlü siyasi partiyaların sədrlərinin görüşünün olması hazırda gündəmdə deyil.

ADP sədri Sərdar Cəlaloğlu: “Karantin başa çatdıqdan sonar bu görüşlər davam edəcək”.

ADP sədri Sərdar Cəlaloğluya görə isə bəlli təhlükəyə görə küçəyə çıxmaq qadağalarının gündəmdə olduğu vaxtda görüşlərin olması gözlənlmir.

“Hesab edirəm ki, xalqın sağlamlığı, ölkə üçün taleyüklü məsələlərin önə çıxması halında siyasi qüvvələr arasında görüşlər, siyasi fəaliyyət kimi məsələlər arxa plana keçməlidir”, deyən müxalifət partiyasının sədri onu da xatırladıb ki, təkcə Azərbaycanda deyil, əksər dünya ölkələrində də belədir-digər bütün siyasi, ictimai tədbirlər dayandırılıb, hətta konfliktlər, ən müqəddəs dini ayinlərin icrası belə dayandırılıb: “Fövqəladə vəziyyətdir. Belə vəziyyətdə yəqin ki, iqtidar-müxalifət görüşü də hələ ki, reallaşmayacaq. Lakin bu, bir müddət öncə başlanan prosesin dayandığı hesab olunmamalıdır. Hesab edirəm ki, karantin başa çatdıqdan sonar bu görüşlər davam edəcək”.

Göründüyü kimi, düşərgənin loyal təmsilçiləri iqtidarla dialoqda maraqlı olduqları qədər həm də siyasi islahatların reallaşdırılması faktoruna da dəstək göstərdiklərini gizlətmirlər. Hər halda, irəliyə sürülən fikirlər də bu amili kifayət qədər ehtiva etməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə