"Prezidentin bu addımını yalnız alqışlamaq lazımdır" AÇIQLAMA-ÖZƏL

“Çox təəssüf ki, radikal düşərgə dövlətimiz, ölkə başçısı tərəfindən atılan hər humanist, xeyrxah, insanların yaşayışının yaxşılaşdırılması, ölkəmizin istiqamətində atılan addımlara qarayaxmağa, qulp qoymağa, görülən işləri tam tərsinə çevirməyə cəhd etməyə vərdiş edib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər həm Əfv fərmanları, həm də Amnistiya aktları ilə 50 minə qədər insanın azadlığa çıxmasına, ailəsi ilə qovuşmasına səbəb olub: “Ötən gün imzalanan Əfv fərmanı da növbəti insanlıq, humanistlik addımıdır”.

Deputat söyləyib ki, əfv fərmanına düşən insanlar nə vaxtsa cinayət əməlində iştirak edib qanunu pozublar və etdikləri əmələ görə də həbs olunublar: “Lakin bugünkü şəraitdə onların yaşını, cəmiyyət üçün təhlükəli olmadığını, hazırda koronavirusla bağlı vəziyyəti nəzərə alaraq cənab Prezident 176 nəfəri əfv etdi ki, onlar ailələrinə qovuşsunlar. Təbii ki, burada onların yaşı və sağlamlığı da nəzərə alınıb”.

E.Məmmədov qeyd edib ki, Əfv olunan şəxslər müəyyən qədər cəzalarını çəkən insanlardır: “Onlar təhlükə mənbəyi ola bilməzlər. Hesab edirəm ki, bu məsələyə kimlərsə tərəfindən qulp qoymaq, başqa cür izah etmək yolverilməzdir. Belə bir addımı yalnız alqışlamaq, cənab Prezidentə çox sağ olun demək lazımdır”.

Millət vəkili əlavə edib ki, ölkə başçısının bu humanist addımını siyasiləşdirmək istəyən şəxslərə əfv olunan 176 nəfər də öz münasibətini bildirə bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə