"Bu gün tibb işçilərimiz eyni davranış sərgiləyirlər" ÖZƏL-MÖVQE

"Bu gün biz zərər vermək və can almaq potensialı torpaqlarımızı işğal altında saxlayanlardan qat-qat güclü olan COVİD-19 adlı gözəgörünməz bir düşmənlə savaşdayıq. Elə bir düşmənlə ki, gücünü cəmiyyətin özündən, daha dəqiqi oradakı intizamsızlıqdan, vicdansızlıqdan, məsuliyyətsizlikdən, vecsizlikdən və avamlıqdan alır. Bunu anlamayan, yaranmış reallığın diqtə etdiyi qaydalar çərçivəsində davranmaq istəməyənlər- fərq etməz məmurdur, sahibkardır, ya adi vətəndaş savaş terminiylə deməli olsaq, kollaborasionistlərdilər". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.

"Tibb işçilərimiz isə mənə 2016-ci ilin aprel döyüşlərindəki xüsusi təyinatlılarımızı xatırladırlar. Necə o zaman onlar heç nədən çəkinmədən cəsarətlə düşmənin üzərinə gedərək torpaqlarımızı qarış-qarış azad edirdilərsə, bu gün də tibb işçilərimiz eyni davranış sərgiləyirlər. Onlar virusla savaşa atılaraq qarşısını kəsməyə, yoluxdurduqlarını adam-adam qurtarmağa çalışırlar və qurtarırlar da.

Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın vurğuladığı kimi biz tibb işçilərimizin timsalında doğrudan da "xalqımızın cəsarət və şəfqət, məsuliyyət və insansevərlik, səmimiyyət və qarşılıqlı yardım kimi ən gözəl xüsusiyyətlərinin təzahürünü görürük".

Mən də öz sağlıqları hesabına bizim sağlamlığımızın keşiyində duran bütün soydaşlarımıza sayğı və sevgimi çatrırır, Birinci vitse-prezidentimizə qoşularaq "Tanrı sizi qorusun!"-deyirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə