Tofiq Yaqublu, yoxsa millət? TƏRS BAXIŞ

Dünya koronavirusla mübarizə aparır, hətta belə demək mümkündürsə, bəşər övladı bu müharibədə həmrəylik nümayiş etdirir. Hər bir ölkədə baş verən ölüm halı əlbəttə ki, insanlıq üçün kədər və təəssüf hissi oyadır. Düzdür, beynəlxalq siyasi arenadakı güclər siyasi və iqtisadi maraqlarını da unutmurlar, ancaq bütün hallarda əsas nəzərlər COVID-19 adlı kabusla mübarizəyə yönəlib.

Azərbaycan dövləti və xalqı da bu mübarizədə yer alıb və amansız virusa qarşı əlində olan bütün imkanlardan maksimum şəkildə istifadə edir, vətəndaşlarının sağlam qalması, təhlükəsizliyi yönündə ardıcıl tədbirlər görür, bu kabusun ağır nəticələrə yol açmaması üçün hər addımı atır – sosial tələbatların təmin olunmasından tutmuş bütün mümkün variantları tətbiq edir. Lakin...

Bu məsələdə də nəzərlər yenidən AXCP sədri Əli Kərimliyə və onun yan-yörəsinə tərəf çevrilir

Lakin təəssüfedici məqamlar da var ki, bu məqamlar beşinci kolon adlandırılan sözdə müxalifətin belə bir vəziyyətdə öz çirkin məqsədlərini yürütməsi, siyasi oyunbazlıqlar fonunda ictimai rəyin diqqətini əsas problemdən yayındıraraq, öz cılız “siyasətlərinə” doğru yönəltmək cəhdləridir. Söz yox ki, bu məsələdə də nəzərlər yenidən AXCP sədri Əli Kərimliyə və onun yan-yörəsinə tərəf çevrilir. Bəli, məhz bu ünsür üçün nə xalq, nə dövlət, nə də bütövlükdə ümummilli maraqlar faktoru mövcud deyil. Əslində heç vaxt mövcud da olmayıb. Bir ünsür ki, 20 Yanvar, Xocalı kimi ümummilli hüzn günlərində belə, öz iyrənc məqsədlərini güdürsə, ondan insanlığa yaraşan digər hər hansı davranışları da gözləməyə ümumiyyətlə dəyməz!

Millət nə hayda, bu nə hayda...

Söhbət isə “Milli Şura”nın müsavatçı üzvü, AXCP-nin isə qeyri-rəsmi təmsilçisi, küçə uşağı statusunu qazanmış Tofiq Yaqublunun həbsindən və Əli Kərimlinin bu həbs üzərində haray-şivən salmasında gedir. Necə deyərlər, millət nə hayda, bu nə hayda...

Demək, Tofiq Yaqublu açıq-aşkar yol hərəkəti qanunlarının tələbini pozur, üstəlik həm suçlu, həm də güclü olmaqla vətəndaşlara qarşı zor gücü tətbiq edir, cəzasını aldıqda isə onun saxlanılması dərhal dönür-olur “siyasi motivli”. Türk qardaşlarımız demişkən, oooohhhh ne güzelll...! Siyasi partiyanın təmsilçisi olum, ağa nəzərəm, belə gəzərəm deyib qanunları pozum, vətəndaşlara əl qaldırım, onlara aid olan mülkü vurub-dağıdım, həbs olunanda da şalvarımı çəkim başıma ki, bəs bu siyasi məqsədlidir və s. Buna isə siyasi gediş deyil, siyasi həyasızlıq, hətta ləçərlik də deyilir ki, AXCP sədri hazırda bu ləçərliyi yüksək markası ilə sübuta yetirir.

Elə isə, gedin özünüzə!

Başqa tərəfdən, Yaqublunun həbsindən sonra başı öz daxilindəki kütləvi ölümlərə qarışan ABŞ-ın dövlət departamentinin hansısa ən aşağı ranqlı dəftərxana təmsilçisi nəyinsə qarşılığında “bəyanat” yayır, yaxud hansısa dərgisi “məqalə” yayır, Əli Kərimli də tumanını çəkir başına və dərhal keçir klaviatura arxasına ki, bəs qoymayın, Tofiq Yaqublu əldən gedir-filan (?!)

Əli Kərimli, bu millətə sən, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Eldəniz Quliyev və qeyri dəymə-düşərlər lazım deyil, bu millətə dövlət, dövlətçilik və yaranmış təhlükədən qısa zamanda qurtulmaq lazımdır, sən və ətrafın isə, bu qədər ucuzluğa, siyasi ləçərliyə, həyasızlığa gedib, insanların ətini tökməklə məşğulsunuz, elə isə gedin özünüzə. Yox gedə bilmirsinizsə, millət, xalq sizi özünüzə göndərə bilər, necə ki, əvvəllər də bunu dəfələrlə edib...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə