Qondarma “DQR”: saxta “seçkilər” və regiona virus təhlükəsi! ANALİTİK

1in.am: ""Seçki" prosesi ətrafında daha çox virus təhlükəsindən danışılır"

İşğal altındakı ərazilərimizdə "prezident" və "parlament" seçkilərinin keçirilməsi ətrafında kəskin fikir ayrılıqları yaşanmaqdadır. Belə ki, koronavirus təhlükəsi dünyanı öz cənginə aldığı bir vaxtda qondarma "DQR"də belə bir saxta tədbirin keçirilməsi regionu təhlükə altına sala bilər. SİA xəbər verir ki, 1in.am saytı sözügedən məsələ ilə bağlı analitik yazı verib və orada sətiraltı bir sıra məqamlara toxunulub. "Martın 31-də "Artsaxda" (bütün dırnaqlar bizimdir-R.N.) keçiriləcək "prezident" və "parlament" seçkiləri günü yaxınlaşdıqca gündəlikdə belə bir sual yaranır ki, ictimaiyyət kimi seçəcək və ya həqiqətənmi seçkilər koronavirus təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan olunmaqla təxirə salınacaq?", sual edilən yazıda müxtəlif mənbələrə istinadən bildirilir ki, guya orada koronavirus yoxdur: "Ən azından rəsmi strukturlar belə inandırmağa çalışırlar. Eyni zamanda, "seçki" prosesi ətrafında daha çox virus təhlükəsindən danışılır və İrəvandan yola düşən insanların təhlükə yaradacaqları məsələsinə də toxunulur. Bununla bağlı baş nazir Nikol Paşinyan bəyan edib ki, "Artsaxa" yollanan "müşahidəçilər" mütləq testlərdən keçirilməlidirlər ki, təsadüf nəticəsində virus ötürməsinlər. Söhbət sürətli testlərdən gedir ki, həqiqətənmi "Artsaxa" yollanan "müşahidəçiər" virus daşıyıcılarıdır? Bu vasitə ilə situasiyanın qarşısını almaq mümkündürmü? Bunu demək çətindir. Bütün hallarda bəllidir ki, riski idarə etmək üçün birmənalı qarantiya yoxdur".

Göründüyü kimi, nə işğalçı Ermənistanı, nə də qondarma rejimin saxta rəhbərliyini insan amili maraqlandırmır və hər iki tərəf işğalçılıq siyasətlərini davam etdirmələri yönündə hətta insanların həyatlarını "seçici" adı altında belə təhlükəyə doğru sürükləyirlər. O cümlədən, ətraf bölgələrə infeksiya təhdininin yayılması təhlükəsini açıq-aşkar sərgiləyirər.

"Bəyanatın sətiraltı mənası isə belə deməyə əsas verir ki, "Stepanakert" "seçkilərin" təxirə salınmasında maraqlı deyil"

Müəllif yazır ki, İrəvan "Artsaxa" olan ziyarətləri saxlayıb və yalnız yük daşımaları həyata keçiriləcək. "Görünən budur ki, Ermənistan hökuməti hazırkı məqamda "seçkilərin" keçirilməsində maraqlıdır, nəinki onun təxirə salınmasında", deyə qeyd edilən məqalədə daha bir nüansa toxunulur. Misal üçün iddia edilir ki, əgər "seçkilər" təxirə salınarsa, bu zaman əvvəlki hakimiyyət (yəni Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın "DQR"də dəstəkədiyi hakimiyyət) "Artsaxa" təsirini saxlamaqda davam edəcək.

Yazıda sual olunur: "Bəs "Artsaxaın" özündə mənzərə necədir? Bu ərəfələrdə Bako Saakyan "parlamentin" hakimiyyətyönlü gücləri ilə iclas keçirib. Görüşdə "prezidentliyə" iki "namizəd", sabiq "baş nazir" Araik Arutunyan və daşnak frakksiyasının üzvü David İşxanyan da iştirak ediblər. Onlar hələ ki, "seçkilərin" təxirə salınması ilə bağlı fikir bildirməyiblər. Digər iki "əsas" tərəf – Vitali Balasanyan və Masis Maliyandır. V.Balasanyan artıq bir neçə gündür ki, seçkilərin təxirə salınması, fövqəldaə vəziyyətin elan olunması ilə bağlı çağırışlar edir. M.Mailyan isə bugünlərdə bəyan edib ki, istənilən qərara anlaşıqlı yanaşacaq.

Erməni müəllif daha bir nüansa toxunaraq, mümkün yoluxma təhlükələrinə rəğmən, "seçkilərin" keçirilməsi üçün "Artsaxın" qondarma "səhiyyə nazirliyinin" bəyanat verdiyini də xatırladıb. Sözügedən bəyanatda bildirilib ki, guya mövcud vəziyyətdə ötən ilkinə nisbətən kəskin respirator xəstəlikləri ilə bağlı müraciətlərin sayı azalıb (?!-R.N.)

"Bəyanatın sətiraltı mənası isə belə deməyə əsas verir ki, "Stepanakert" "seçkilərin" təxirə salınmasında maraqlı deyil. 3 gün qalıb və bu üçgünlük müddətdə nə baş verəcək?", deyə yazıda sual olunur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə