Əsrin vəhşilikləri: 26 Fevral Xocalı qətliamının növbəti ildönümüdür

Rusiyanın newizv.ru saytında Ermənistan silahlıları tərəfindən Azərbaycanda törədilən və azərbaycanlıların vəhşicəsinə qətli ilə nəticələnən Xocalı soyqırımı haqda məqalə dərc edilib. SİA məqaləni olduğu kimi təqdim edir.

Döyüşlərə dair heç bir dəlil və arayış Dağlıq Qarabağdakı münaqişə zamanı mülki şəxslərin kütləvi ölümünə haqq qazandıra bilməz. (İvan Petrovski)

Bəşəriyyət tarixində bir xalqın nümayəndələrinin digərinə münasibətdə göstərdiyi şiddətli qəddarlığın çox kədərli səhifələri var. Növbəti ildönümü 26 fevralda qeyd ediləcək Xocalı qətliamı da bu səhifələrdən biridir. Bu, şübhəsiz ki, Dağlıq Qarabağdakı hərbi münaqişənin ən qaranlıq bir epizodudur və bu dövrdə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadın və uşaqlar həlak olmuş, yaralanmış və itkin düşmüşdür.
Erməni hərbçiləri bu şəhərə olan marağı Xankəndi bölgəsinin paytaxtından cəmi 10 kilometr məsafədə olması, Azərbaycan artilleriyasının maneəsiz olaraq əsas düşmən bazasına minaatan atəşi etməsinə imkan verən rahat yerləşməsi, mövqeyi ilə izah edirlər. Bundan əlavə, ağır təyyarələr qəbul edə bilən və Dağlıq Qarabağ ərazisində olan yeganə aerodrom Xocalıda yerləşirdi. Bəhanə və arqumentlər qəribədir, çünki çox sayda şahidlərin fikrinə görə, bu şəhərdə ağır silahlar yox idi və belə bir məsafədən Stepanakertə minaatan atəşi etmək mümkün deyildi.

Bununla yanaşı, erməni komandanlığı şəhəri tamamilə mühasirəyə almışdı, hətta telefon əlaqələri, elektrik, istilik və su kəsilmişdi. Erməni mənbələri xəbər verir ki, şəhər sakinlərinə tezliklə hücum olacağı barədə xəbərdarlıq edilmişdi və buna görə də mülki şəxslərin təxliyəsi edilirdi. Lakin hüquq müdafiəçilərinin ümumi rəyinə görə, təxliyə ilə bağlı heç bir xəbərdarlıq belə işğalçıların tələbi ilə evlərindən və mənzillərindən qaçmaq istəməyən mülki şəxslərin qırğını və öldürülməsi üçün bir bəhanə ola bilməz.

Rusiya Memorial insan haqları mərkəzinin məlumatına görə, Xocalıda əməliyyat başlayan vaxtlarda orada ikidən dörd minədək dinc sakin qalıb. Və əksəriyyətinin taleyi dəhşətli oldu...

Hücum fevralın 25-dən 26-na keçən gecə başladı. Mütəxəssislərin fikrincə, bu tarix belə təsadüfən seçilməmişdi. Çünki düz dörd il əvvəl SSRİ ərazisində kütləvi millətlərarası zorakılığın ilk başlaması bu tarixdə qeydə alınmışdı və Azərbaycanın Sumqayıt şəhərində talanlar baş vermişdi ki, hələ də Sumqayıt faciəsinin kim tərəfindən təşkil edildiyi məlum deyil. Hətta zorakılıqda təqsirləndirilənlər arasında erməni millətindən olan insanlar da var.

Şahidlər təsdiq edirlər ki, erməni hərbçilərinə MDB Müştərək Qüvvələrinin 366-cı motoatıcı alayının əsgərləri tərəfindən rəhbərlərinin birbaşa əmri olmadan hərbi dəstək göstərilib. General Polyakov daha sonra “Financial Times”-a verdiyi müsahibədə demişdi ki, Dağlıq Qarabağda qalan 103 erməni bu alayda xidmət edirdi. Saat 23-də artilleriya atəşi başladı, gecə 1-də piyada Xocalıya girdi və səhər 7-də şəhər müdafiəçilərinin müqaviməti tamamilə qırılmışdı.

Sağ qalan Xocalı sakinləri hücum zamanı yaşayış binalarının zirzəmilərində gizlənməyə cəhd etdiklərini və daha sonra şəhəri tərk etməyə çalışdıqlarını söyləyirlər. Kimsə bunu bacardı, amma hamı yox. “Memorial”, şəhərin tutulmasından dörd gün sonra cəmi 200 cəsədin qonşu Ağdama çatdırıldığını, bunlardan 13-nün uşaq, 51-nin qadın olduğunu bildirir. Onların böyük əksəriyyətinin ölüm səbəbi güllə yaraları, bəzilərinin isə kəskin cisimlərlə zərbələr nəticəsində olduğu bəlli olur... Ölənlərin cəsədləri üzərində təhqiramiz hərəkətlər və hətta baş dərisini soyulması faktları da qeydə alınıb...

Faciədən dərhal sonra rus və Avropa dillərində yayımlanan dəlillərin yalnız kiçik bir hissəsini təqdim edirik:
- Çoxları insan qırılmışdı, bir balaca qızın yalnız bircə başı qalmışdı...
- Videoçəkilişlərdə qulaqları kəsilmiş uşaqlar göstərilir. Bir yaşlı qadının üzünün yarısı kəsilib atılmışdı. Kişilərin başlarının dərisi soyulmuşdu...
- Ağdamdakı xarici jurnalistlər, Xocalıda öldürülən qadınlar və uşaqlar arasında, dırnaqları çıxarılan, baş dərisi soyulanları gördülər. Bu, Azərbaycan təbliğatı deyildi, bu reallıq idi.

Üstəlik, beynəlxalq insan haqları təşkilatı olan Human Rights Watch şahidlik edir: “Ərazi Ermənistan silahlı qüvvələrinin əlinə keçdikdən sonra bir neçə sakin geri çəkilməkdə olan onlarla müdafiəçinin müşayiəti ilə şəhərdən qaçıb. Onlar Azərbaycanla sərhəddə yaxınlaşanda bir erməni silahlı postuna rast gəliblər və orada vəhşicəsinə güllələniblər...".

Erməni tərəfi iddia edir ki, belə bir ölüm hadisəsinə səbəb Xocalı sakinlərinin özlərinə verilən “azad dəhliz”lə getdikləri zaman, onları müşaiyət edən silahlı şəxslərin erməni dayaq məntəqələrini atəşə tutmalarıdır ki, bu zaman ermənilər guya cavab atəşi açmaq məcburiyyətində qalıblar. Ancaq bu faktlar həqiqətə uyğun deyil və öz təsdiqini tapmayıb. Günahsız insanların ölümünə bu şəkildə haqq qazandırmaq daha qəribədir.
Belə vəhşiliklərə heç bir bəhanə yoxdur və ola da bilməz.

Azərbaycan hakimiyyətinin bildirdiyinə görə dəhşətli qırğının nəticəsi belədir: 613 nəfər öldürülüb. Bunlardan 63-ü uşaq, 106-sı qadın, 70 qocadır. Eyni zamanda 8 ailə tamamilə məhv edilib. Həmçinin 76 nəfər uşaq da daxil olmaqla 487 yaralı və 150 itkin düşmüşlər var. Bundan əlavə, 1275 nəfər girov götürülmüş, 5379 nəfər daimi yaşayış yerlərindən qovulmuşdur. İndiyə qədər 68-i qadın, 26-sı uşaq olmaqla 150 nəfərin taleyi barədə heç nə məlum deyil.

Həqiqətən dəhşətli qisasdır.

Yoxsa qorxutma aktıdır?

Hər halda, Xocalı qətliamı təkcə Azərbaycan xalqının faciəsi deyil, bütün dünya xalqlarının faciəsidir. Bu cür vəhşiliklərin təzahürlərinin nəinki haqq qazandırılması, əsaslandırılması mümkün deyil, bu insanları sülhə, barışığa və razılığa bir addım da yaxınlaşdırmır, əksinə, hər dəfə uzaqlaşdırır...

Təsadüfi deyil ki, ermənilər hər dəfə mülki əhali arasında itki sayını minimuma endirmək cəhdi ilə qara tarixi qeyd etməməyi üstün tuturlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...