Könüllülük gənclərə nə verir? SORĞU-FOTOLAR

Məlum olduğu kimi, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hazırda dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən və sözün bütün mənalarında dünyanı gözəlləşdirməyə çalışan insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı və həyata keçirilməsi qismində həm dövlət orqanları, həm dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həm yerli özünüidarə orqanları, həm də qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Könüllülük fəaliyyəti insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Gənc könüllülər öz təəssüratlarını SİA-ya ilə bölüşərək bildiriblər ki, könüllülük onlara çox şey qazandırır. Onlar könüllü olmağın insanın istər dünyagörüşünü, istərsə də davranışını dəyişə bildiyini qeyd ediblər.

Gənc könüllü Anar Şahmuradov: “2020-ci il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Könüllülər ili” elan olunub. Biz bunu cənab Prezidentin ölkə gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi qəbul edirik. Bu il çərçivəsində, eləcə də gələcək fəaliyyətimizdə biz çalışırıq ki, bir ölkə gənci olaraq çalışdığımız sahədə öz töhvələrimizi verə bilək və əlimizdən gələni edək ki, ölkəmiz bundan sonra daha da inkişaf etsin, çiçəklənsin. Biz gənclərə göstərilən diqqət və qayını müxtəlif sahələrdə görə bilirik. Çalışırıq ki, fəaliyyət göstərdiyimiz sahələrdə müəyyən nailiyyətləri əldə edək və bir ölkə gənci olaraq dövlətimizin inkişafına öz töhvəmizi vermiş olaq”.

Yeni Azərbaycan Partiyasının könüllüsü, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Misirxan Həsənov: “Ölkəmizdə könüllülər hərəkatı böyük vüsət alıb. Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır. Tələbəlik illərindən könüllülər hərəkatına qoşulmuşam. Bu hərəkata cəmiyyətimizdə böyük maraq və dəstək var. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman könüllülər hərəkatının əhəmiyyətini vurğulayır. Məhz dövlət başçısının dəstəyi nəticəsində bu hərakat ildən-ilə genişlənməkdədir. Onu da qeyd edim ki, Yeni Azərbaycan Partiyasının gəncləri də könüllülər hərəkatında fəal iştirak edirlər. Fəaliyyətimizə verilən dəyər bizə stimul verir ki, bundan sonra da bu sahədə aktiv fəaliyyət göstərək”.

Gənc könüllü Pərvin Abbasova: “Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu siyasət nəticəsində Azərbaycan gəncliyi uğurla inkişaf edir. Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Mən də iki ildir ki, YAP-ın könüllülərindənəm. Bu çərçivədə bir sıra təlimlərdə, “Yay məktəbləri”ndə və digər tədbirlərdə iştirak etmişəm. Könüllülük bizə yeni dostlar qazandırır, dünyagörüşümüzü artırır və hər bir məsələdə bizə payda gətirir. Mən bütün gənclərimizi bu hərakata qoşulmağa çağırıram. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu baxımdan böyük fürsətdir”.

Gənc könüllü Nəzrin Məmmədova: “Mən YAP-da dörd ildir ki, Gənclər Birliyinin idarəetmə heyəti üzvü kimi çalışıram. Bizim könüllülük fəaliyyətimiz çox genişdir. Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın həm bu günü, həm də gələcəyi kimi qiymətləndirirdi. Ümumiyyətlə könüllülük sərbəst çalışmaq deməkdir və sırf könüllüyə əsaslanır. Onu təkcə biznes, dövlət sektorunda qiymətləndirmək olmaz, həm də biz onu üçüncü bir sahə kimi qiymətləndirə bilərik. Könüllülük çox geniş əhatə dairəsinə malikdir və insana yeni-yeni dostlar, təcrübə qazandırır. Mən bütün gənclərimizi könüllü olmağa və dövlətimizin ictimai-siyasi həyatında çox fəal iştirak etməyə çağırıram”.

Gənc könüllü Fuad Heydərli: “Könüllülük fəaliyyəti gənclər üçün dostlar, tanışlıq və yeni bir ailə, mühit verir. Könüllülük fəaliyyəti ilə özüm 2016-cı ildən təhsil aldığım universitetdən başlamışam. Könüllülük fəaliyyəti Azərbaycandakı insanların, gənclərin biraraya toplanması və nələrisə qarşılıqsız etməsidir”.

Gənc könüllü Əli Babadzadə: “Ümumiyyətlə könüllülük işinə baxdıqda biz burada əsas bir prinsip görürük. Adından da göründüyü kimi bu könüllülük prinsipidir. Burada bir könül işinin ortaya çıxdığı bizə məlumdur. Yəni biz hansısa işə yanaşarkən ona könüllə, qəlblə yanaşırıq. O cümlədən deyərdim ki, könüllülük gənclər üçün bir təcrübədir. Burada heç bir məvacibdən söhbət gedə bilməz”.

Gənc könüllü Ələkbər Mirzəyev: “Könüllülük müasir Azərbaycan gəncliyinin formalaşmasında, onun mənəvi dəyərlərinin təbliğində çox böyük rol oynayır. Çünki sosial layihələrin həyata keçirilməsi birbaşa könüllülük fəaliyyəti ilə əlaqədardır. Biz bilirik ki, Azərbaycanda artıq son dövrlər könüllülük fəaliyyəti ən yüksək səviyyədə aparılır. Artıq bu sahədə görülən işlər öz bəhrəsini verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə