Qarabağla bağlı ermənilərin Paşinyana görə utanc hissi

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin şənbə günü açıq iclası Ermənistanın baş naziri Nikol Paşinyan üçün əsl məğlubiyyət oldu. SİA vestikavkaza.ru saytına istinadən xəbər verir ki, bunu Pan-Erməni Milli Konsensusunun həmsədri Lusine Aroyan-Dalakyan Facebook-da paylaşımı zamanı bildirib.

Konsensusun həmsədri bildirib ki, Paşinyan Ermənistan haqqında miflərə istinad etdi və dəfələrlə səhv və yalan mənbələrdən misal çəkdi, sənədlərlə, ciddi arqumentlərlə sözlərini isbat edə bilmədi. O, xüsusilə vurğulayıb ki, erməni baş nazir çıxışını daha çox öz fikirləri üzərində deyil, Azərbaycan Prezidenti İlham Əliyevə edilən etirazlar üzərində qurdu və danışıqların sonunda tamaşaçılar onun sözlərinə gülməyə başladılar. Həmçinin qeyd edib ki, bu fakt həm Ermənistanda, həm də erməni diasporasında tanınıb və Nikol Paşinyanın məğlubiyyəti müzakirə mövzusuna çevrilib.

"Mətbuat konfransını izləyirəm. Boyük rüsvayçılıqla uduzuruq. Mən erməni olmasaydım, Əliyevə inanar, ona tərəf olardım. O, yaxşı hazırlıqlı, səlis məntiqli idi. Paşinyan bir dənə də suala tam cavab vermədi, əks hücum etmədi", deyə Lusine Aroyan-Dalakyan bildirib.

"Əliyev Paşinyanın əlehinə çıxış etdi və bəyan etdi ki, Qarabağ Azərbaycanın bir parçasıdır. Paşinyan bu sahədə lazımi bilgiyə sahib deyildi və yarı əminliklə, yaxud əmin olmadan verdiyi cavabları onu gülünc vəziyyətə saldı. O, həmçinin Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi saxlanmasının mümkünsüzlüyü barədə heç nə deyə bilmədi. Sonra Tiqranı özünə kömək üçün istifadə etsə də, ancaq qələbə artıq Əliyevin idi", deyə Pan-Erməni Milli Konsensusunun həmsədri etiraf edib.

Siyasətçi əlavə edib ki, Paşinyan Xankəndinin tarixi ilə bağlı heç nə deyə bilmədi və iştirakçılardan onun özünə "mikro inqilablar" barədə sual verməsini xahiş etdi ki, bu da onun barəsində acınacaqlı, yazıq təəsüratı yaratdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə