"Kadr islahatları ilə bağlı proseslərin başında vətəndaşın rifahı durur" ŞƏRH-ÖZƏL

"Cənab prezident hər bir icra başçısı təyin olunanda, onları müvafiq şəkildə qəbul edib, öz tövsiyələrini verir. Çünki bütün bu proseslərin başında Azərbaycan vətəndaşının rifahı durur". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, məmur-vətəndaş münasibətini tənzimləmək üçün normal kadr potensialına ehtiyac var. Dünya təcrübəsini xatırladan siyasi şərhçi söyləyib ki, digər ölkələrdə də eyni vəziyyəti görmək mümkündür: "Yeni kadrlar xalqın problemlərini çevik şəkildə həll etmək üçün olduqları mövqeyi düzgün dərk etməlidirlər. Yerlərdəki məmurları təyin edən icra başçıları da öz kadrlarını elə seçməlidirlər ki, həmin kadrlar öz işlərində peşəkar olsunlar".

A.Nağıyev qeyd edib ki, islahatlara mane olan əsas məsələlər yerlərdəki kadrların müvafiq surətdə, normal surətdə təyin olunmamasıdır: "Ona görə də hər bir yeni təyin olunan icra başçısı da özünə uyğun olan kadr potensialından düzgün istifadə etməlidir. Yəni islahatlara mane olan əsas səbəb kadr potensialının düzgün seçilməməsidir. Cənab prezidentin icra başçılarının təyinatı ilə bağlı son görüşlərindən hiss olunur ki, ən böyük problem, məmur – vətəndaş münasibətidir. Bu baxımdan da kadr potensialında olan zəifliyin aradan qaldırılması mühüm məsələdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə