2010-cu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamına əsasən Saatlı rayon mərkəzi xəstəxanasının tam şəkildə, yüksək səviyyədə təmir-tikinti işlərinə başlanılıb. Tikinti işlərini aparan "İnam" MMC-nin iş icraçısı Nadir Qədirlinin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, xəstəxananın dam örtüyü dəyişdirilib, poliklinikada işlər yüksək tempdə davam etdirilir.
Xəstəxananın ümumi cərrahiyyə, mamalıq və ginekoloji, reanimasiya, yoluxucu xəstəliklər, pediatrik, həmçinin təcili təxirə salınmaz şöbələri də əsaslı təmir ediləcəkdir.
Xəstəxana 2012-ci ilə qədər tam şəkildə yeni, müasir avadanlıqlarla təchiz edilərək saatlıların, eləcə də ətraf rayonların sakinlərinin ixtiyarına veriləcəkdir. Bundan əlavə Saatlıda Dədə Qorqud kənd həkim məntəqəsi Kaunterpart İnternasional beynəlxalq humanitar təşkilat tərəfindən əsaslı təmir olunub. Varxan kənd həkim məntəqəsi isə qeyri-hökumət təşkilatı tərəfindən müasir üslubda yenidən tikilərək lazım olan avadanlıqlarla təchiz edildikdən sonra əhalinin istifadəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə