Bəhruz Quliyev: “Ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlıq daha geniş imkanlara yol açacaq EKPERT RƏYİ-ÖZƏL

“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rəhmonun Birgə Bəyanatları bir daha sübut etdi ki, iki ölkə arasında olan dostluq və qardaşlıq bağları bundan sonrakı illərdə də sürətlə inkişaf edəcək, möhkəmlənəcək”. Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana etdiyi rəsmi səfərə və bu səfər çərçivəsində əldə edilən razılaşmalara, imzalanan sazişlərə, eləcə də qəbul edilən Birgə Bəyanata münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Tacikistanın dövlət başçısının irəli sürdüyü fikirlər bilavasitə Azərbaycanın siyasi, iqtisadi və sair sahələri əhatə edən maraqlarına cavab verir: “Əsasən, Tacikistan Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi burada əsaslıq təşkil edir. Belə ki, Azərbaycanın sərhədlərinin toxunulmazlığı və bu məsələdə ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi, eyni zamanda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmasına dair irəli sürülən mühüm fikirlər Azərbacana tərəf uzanan dost, qardaş əli kimi dəyərləndirilə bilər. Əbəs deyil ki, dövlətimizin başçısı cənab İlham Əliyev Emoməli Rəhmona bu mövqeyinə görə həm özü, həm də Azərbaycan xalqı adından minnətdarlığını çatdırdı”.

“Digər əhəmiyyətli məqamlardan biri də Prezident İlham Əliyevin ölkələrimiz arasında ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə toxunması idi ki, bu amil də bir sıra faktorları ehtiva etməkdədir”, - deyə vurğulayan Bəhruz Quliyevə görə, Azərbaycan və Tacikistan arasındakı ikitərəfli əməkdaşlıq növbəti və daha geniş iqtisadi imkanlara yol açacaq: “Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açılacaq ki, burada əsas vəzifəni öz üzərinə artıq istifadəyə verilmiş BTQ layihəsi götürür. O cümlədən, Ələt Ticarət Limanının tikintisi də növbəti geniş iqtisadi imkanlara, yükdaşımalara və logistik xidmətlərə yol açacaq”.

Ekspert əlavə edib ki, nəzərdə tutulan razılaşmalar həyata keçirildikdən sonra digər sahələrdə də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçiriləcək: “Kənd təsərrüfatı, humanitar sahə, təhsil və mədəniyyət və s. sahələr üzrə Azərbaycan və Tacikistan arasında reallaşdırılacaq müştərək işlər hər iki ölkənin davamlı inkişafına, sabitliyinə və uğurlu perspektivinə öz böyük töhfələrini verəcək”.

Rövşən NURƏDDİNOĞLİ

Bütün xəbərlər Facebook səhifəmizdə