Fərrux Haqverdiyev: "Azərbaycan xalqı öz Lideri ilə qürur duyur"

İlham Əliyev: "Əgər prezident seçkilərində Azərbaycan xalqı mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm"

Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Təbii ki, bu uğurların əldə olunmasında ölkədəki sabitlik, təhlükəsizlik əsas şərtdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan belə inkişafa nail olub. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir.

Azərbaycan müstəqillik tarixində ictimai-siyasi sabitliyin möhkəmlənməsinə nail olmuş, dünya birliyində mövqeyinin güclənməsinə xidmət edən mühüm tarixi nailiyyətlər qazanmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev məqsədyönlü şəkildə dövrün tələblərinə uyğun sistemli islahatların aparılmasına, ictimai-siyasi və sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsinə nail olub. Bu və ya digər istiqamətdə görülən tədbirlər dövlətimizin qüdrətini arırıb, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsinə səsəb olub.

"MƏN HEYDƏR ƏLİYEV SİYASƏTİNİ DAVAM ETDİRƏCƏYƏM"

Azərbaycan Prezidenti Cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Bu, belə də oldu. Cənab Prezidentin "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir", - deməsi çox böyük əsasləra söykənir. 2003-cü ildən bu günə qədər keçən dövrdə Azərbaycan sürətli inkişaf mərhələsini yaşamış və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, iri enerji layihələr və qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Cənab Prezidentin vurğuladığı kimi, Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb: "Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir".

Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda, mühüm geosiyasi məkan kimi, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.

SEÇİCİLƏR SABİTLİYƏ VƏ ƏMİN-AMANLIĞA SƏS VERƏCƏKLƏR

Həqiqətən də, Azərbaycan son 15 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir:"İkitərəfli əlaqələr inkişaf edir və biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. "Bu hadisə, təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində", - deyən Prezident İlham Əliyev Azərbaycan əleyhinə birləşən qüvvələrə qarşı bu inam və diqqətin ölkəmizin gücünü və iradəsini bir daha ortaya qoymuş olduğunu bildirib.

Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Cənab Prezident çıxışlarının birində qeyd edib ki, gündəlik fəaliyyətimizdə Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli-praktiki addımlar atılmışdır: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz və hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir". Cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında respublikamıza rəhbərliyə başlayarkən, ölkədə yoxsulluğun aradan qaldırılacağını əsas məqsədlərindən biri kimi bəyan etmişdir. Bu gün yoxsulluq səviyyəsi minuma endirilib. Bütün sahələrdə olduğu kimi, sosial siyasətin də uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə diqqət artıb. Təkcə 2017-ci ildə 12 min insan yeni mənzillərə, evlərə köçürüldü. Gələcəkdə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və mənzillərlə və evlərlə təmin edilməsi istiqamətində bundan sonra da uğurlu siyasət aparılacaq.

Həyata keçirilən layihələr və islahatlar ölkəmizin gələcək inkişafına yönəlsə də, hələ qarşıda Azərbaycanı daha böyük nailiyyətlər gözləyir. Yeni Azərbaycan Partiyasının VI Qurultayda Cənab Prezidentin çıxışında da vurğulandığı kimi, gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır və siyasi islahatlar davam etdiriləcəkdir: "Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik".

Göründüyü kimi, 2003-cü ildən keçən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlar nəticəsində, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsi kimi tanınıb. Azərbaycan xalqı öz gələcəyini Azərbaycanda alternativi olmayan İlham Əliyev siyasətində görür və Onu dəstəkləyir. Prezident İlham Əliyev Qurultayda Ona göstərilən etimada görə, səmimi minnətdarlıq hissini ifadə edərkən bildirib ki, sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər prezident seçkilərində Azərbaycan xalqı Mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm. Seçicilər aprel ayının 11-də Cənab İlham Əliyevə səs verməklə, növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, yüksəlişinə, sabitliyinə və əmin-amanlığına səs vermiş olacaqlar.

Fərrux Haqverdiyev,

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə