"Ermənistana təzyiqlər davamlı olmalıdır" MÖVQE

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünün nəticələrindən optimist nəsə söyləmək olmaz. Lakin dövlət başçıları səviyyəsində görüşün keçirilməsi o deməkdir ki, bizim prinsipial mövqeyimiz yenidən səslənir”. Bunu SİA-ya politoloq Fikrət Sadıqov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, Ermənistana təzyiqlər edilməlidir: “Əks halda, düşmən ölkə öz mövqeyindən əl çəkməyəcək. Bilirsiniz ki, Ermənistan uzun müddət idi ki, danışıqlardan müxtəlif bəhanələrlə geri çəkilirdi. Bu baxımdan hazırda danışıqlar masasında müzakirə ediləcək məsələlər çoxdur”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov”, “Tillerson” planlarının olduğunu deyən F.Sadıqov ATƏT-in keçmiş amerikalı həmsədri Riçard Hoqlandın problemin həlli ilə əlaqədar səsləndirdikləri prinsplərin ölkəmizin maraqlarına uyğun olduğunu dilə gətirib: “Hoqlandın səsləndirdiyi prinsiplərin birinci maddəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və digər məsələlərin yalnız bundan sonra həyata keçirilməsi dayanır. Təbii ki bu, Azərbaycanın maraqlarına tam uyğundur”.

Politoloq əlavə edib ki, hazırki vəziyyətdə Rusiyanın Ermənistanı silahlandırılması məsələsi danışıqlar prosesinin maraqlarına ziddidir: “Amma bütün bunlara baxmayaraq, Azərbaycan problemin həlli istiqamətində bütün vasitələrdən istifadə edir və bundan sonra da etməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib. Belə ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...