Politoloq: “Əsas faktor Azərbaycanın xarici siyasətinin doğru olmasıdır” MÖVQE

“2015-ci ilin sonlarında ermənipərəst qüvvələr ABŞ Helsinki Komissiyasında keçirilən dinləmələrdə Azərbaycana qarşı sərt qətnamələrin qəbul ediləcəyini iddia edirdilər. Helsinski Kommisiyasının rəhbəri Kris Smitə təqdim olunan qərar layihəsində həqiqətən də Azərbaycana qarşı nəinki sərt, hətta deyərdim ki, öldürücü bir qətnamə layihəsi idi. ABŞ Konqresinin Helsinski Kommisiyasının tərtib etdiyi bu layihədə Prezident də daxil olmaq şərti ilə Azərbaycanın yüksək vəzifəli şəxslərinin ABŞ-a girişinin qadağan olunması nəzərdə tutulurdu”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən bütün humanitar, tibbi və ekoloji yardımların kəsliməsi, eləcə də 907-ci düzəlişə qoyulan vetonun aradan qaldırılması nəzərdə tutulurdu. Qəbul olunması istənilən sənəddə Azərbaycana qarşı böyük iqtisadi sanksiyalar nəzərdə tutulurdu. Neft və qaz ixracına qarşı embarqonun qoyulması, iş adamlarının və biznesmənlərin bank hesablarının dondurulması nəzərdə tutulurdu. Beynalxalq Bank və beynəlxalq valyuta fondlarına Azərbaycanla əməkdaşlığa son qoyulması tələb olunurdu.

Lakin düşmən ölkələrin ABŞ-ın qüdrətindən yararlanaraq iqtisadi çətinlik yaşadığımız zamanlarda yuxarıda sadalanan qərar qəbul olunmadı. Erməni siyasi ekspertləri ABŞ-ın bu təzyiqi ilə guya Azərbaycanı Ermənistanla aktiv hərbi müdaxiləyə sürükləməyə məcbur edəcəyini proqnozlaşdırsalar da zaman bütün bunların doğru olmadığını göstərdi. İlk növbədə bu qərarın qəbul edilməməsində əsas faktor Azərbaycanın xarici siyasətinin doğru olmasıdır. Zaman–zaman Azərbaycanda kök salmış və kifayət qədər uzantıları olan 5 –ci kolonun nümayəndələrinin ABŞ, Avropa və Türkiyə ilə münasibətləri kəskin şəkildə korlamağa çalışması cəhdlərinin olması təbii ki, müasir və sivil dövlət quruculuğumuza əngəllər yaradır. Bütün bunlara baxmayaraq Azərbaycanın yeni dünyada təmsil olunmaq üçün bütün imkanları var. Ölkəmizi islam ölkələri ilə müqayisə etsək (istəməsək də müqayisə etməyə məcburuq) ən mədəni və inkişaf etmiş olmasını hər kəs görməkdədir”.

V.Əfəndiyev əlavə edib ki, oktyabrın 18-də ABŞ Helsinski Kommisiyasında keçirilməsi nəzərdə tutulan növbəti toplantıda Qarabağ problemi barədə dinləmələr keçiriləcək: “Rəsmi Bakı ilk növbədə kommissiyanın iclasına hazırlıqlı şəkildə qatılmalıdır. Bu dinləmələr zamanı Azərbaycan tərəfinin ATƏT–in fəaliyyətsizliyini qaldıraraq bu qurumun yararsız olduğunu sübut etmək üçün bizə qarşı istifadə oluna biləcək heç bir bəhanə verməməliyik. Qarabağ cəbhəsində vəziyyət çox gərgin və həssasdır. Ermənistanın dayaq nöqtəsi olan qüvvə tərəfindən istənilən zaman atəşkəs rejimini poza biləcək təxribatlar törədilə bilər. Son günlərdə Rusiyanın Ermənistana yenidən 100 milyon dollarlıq hərbi texnika verməsi regionda Azərbaycanın xeyirinə dəyişmiş qüvvələr nisbətini kompensasiya etmək məqsədi güdür. Bu şəraitdə Azərbaycan bacardıqca çox dost və tərəfdar qazanmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə