Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaqlar

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün bu gün Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək. Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...