"Xərçəngin müalicəsi mümkündür, ancaq xəstələr vaxtında müraciət etməlidirlər"

Ölkənin qərb bölgəsində onkoloji xəstəliklərdən əziyyət çəkən insanların sayı artıb. Statistik rəqəmlərə görə, əgər 10-il bundan öncə hər 100 min nəfərdən 100-ü onkoloji xəstəlikdən əziyyət çəkirdisə, hazırda 100 min vətəndaşdan 110-120 nəfəri xərçəng diaqnozu ilə yaşayır. Üstəlik bölgə üzrə iri şəhərlərlə müqayisədə rayon və kəndlərdə belə xəstələrin sayı daha çoxdur.

Xərçəng diaqnozu qoyulan insanlar arasında istənilən yaş həddində olan şəxslərə rast gəlmək mümkündür. Gəncə şəhər Onkoloji Dispanserin baş həkimi Zikrət Hüseynovun SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, regionlarda bu xəstəliyin sayının artması bölgədə yaşayan əhalinin maarifsiz olması və xəstəliyi gizlətməsi ilə əlaqədardır. Ayrıca həkimlərin apardığı müayinələr göstərib ki, bölgədə kişilərdə ağciyər və mədə orqanlarında bədxassəli şişlər aşkar edilirsə, qadınlarda daha çox ginekoloji orqanlarda xərçəng xəstəliyi meydana çıxır. Üstəlik ən ciddi problem qadınlarda sözügedən bəlanın getdikcə cavanlaşmasıdır. Belə ki, indi 25-30 yaşarası qadınlarda da xərçəng qeydə alınır.

"Doğrusu qadınlarda xəstəliyin cavanlaşması bizləri çox narahat edir. Əgər 10-20 il bundan öncə 25-30 yaşarası qadınlarda xərçəng xəstəliyi nadir hallarda təsadüf edilirdisə indi belə faktlar çoxalıb", deyə Z.Hüseynov əlavə edib.

Həkimin sözlərinə görə, xərçəngin müalicəsi mümkündür, ancaq xəstələr vaxtında müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...