“Xəzər həftəsi" ilə bağlı tədbirlər keçiriləcək

BMT-nin qərarı ilə 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" elan edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

Ekoloji təqvimə salınmış "Beynəlxalq Dəniz günü"nün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.

27–30 sentyabr 2010-cu il tarixlərində "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında -Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə məktəblilərin və KİV nümayəndələrinin məlumatlandırılması nəzərdə tutulub.

"Beynəlxalq Dəniz günü"ndə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin və onun sərvətlərinin mühafizə olunmasına, ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...